Avropa qərar verdi: Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edə bilər

Avropa qərar verdi: Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edə bilər
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı 2028-ci ildən etibarən Rusiyadan qaz idxalını tam dayandırmağı planlaşdırır. Aİ Şurası məlumat verib ki, üzv ölkələrin enerji nazirləri Lüksemburqda keçirilən iclasda Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair razılığa gəliblər.

 

Açıqlamada bildirilib ki, üzv dövlətlər Rusiyadan qaz tədarükünün tədricən ləğvini nəzərdə tutan layihə üzrə Avropa Parlamenti ilə aparılacaq danışıqlarda ortaq mövqe müəyyən ediblər.


Bu qərar bir çoxları tərəfindən Rusiyaya qarşı yeni sanksiya forması kimi qiymətləndirilir. Ortaya çıxan sual isə budur: bu addım Ukrayna-Rusiya müharibəsinin 2027-ci ilə, bəlkə də daha uzun müddət davam edəcəyinə işarə edir?


 AĞ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bu barədə Sfera.az-a münasibət bildirib.

 


Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqının belə bir qərarı gələn il yox, məhz 2027-ci ildən tətbiq etməsi suallar doğurur:

 

“Bu qərarın 2026-cı ildə yox, 2027-ci ildən qüvvəyə minməsi bir qədər gülünc görünür. Əslində bu addım Ukrayna-Rusiya savaşını həmin ilə qədər uzatmaq məqsədi daşıyır. Yaxın aylarda müharibənin bitəcəyi gözlənilmir. Avropa üçün bu, müəyyən mənada arzuolunan vəziyyətdir, çünki kollektiv Qərb istəyir ki, bu savaş bir qədər də davam etsin və Rusiya daha çox zəifləsin”.


Abbaslı qeyd edib ki, bu məqsədlə Qərb ölkələrinin liderləri tez-tez Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlər keçirir, müxtəlif vədlər verirlər, lakin real yardım çox azdır:

 


“Ümidverici bəyanatlar çoxdur, amma real dəstək görünmür. Hesab edirəm ki, qaz idxalının dayandırılması da bu siyasi oyunun bir hissəsidir. Üstəlik, qarşıda hələ iki il var və ola bilsin, bu qərar ümumiyyətlə həyata keçirilməsin. Bildiyim qədərilə, bunun üçün Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin yekdil qərarı tələb olunur. Hələ belə bir razılaşma yoxdur. Rusiya Avropanın 40 faizini qazla, 25 faizini isə neftlə təmin edir. Bu qədər asılılığın olduğu bir şəraitdə belə bir qərar hər iki tərəf üçün risklidir. Avropa ölkələrinin də əslində bu addımı dəstəkləməyə o qədər maraqlı olmadığını düşünürəm”.

 


C.Abbaslı bildirib ki, savaşın gedişatı Avropa İttifaqının qərarını birbaşa müəyyən edə bilər:


“Əgər 2027-ci ilə qədər Rusiya Ukrayna cəbhəsində üstünlüyünü qoruyarsa, bu qərar qəbul edilə bilər. Çünki Qərb çox yaxşı anlayır ki, Rusiya qələbə qazanarsa, növbəti hədəf digər postsovet ölkələri, bəlkə də Polşa ola bilər. NATO üzvü olsa da, artıq “qırmızı xətt” anlayışları asanlıqla keçilir. Qərb Rusiyanın tam qələbəsinə imkan verməyəcək, olsa-olsa imitasiya xarakterli bir nəticə, qalibiyyət ortaya çıxacaq. Amma iki ildən sonra hələ nələrin baş verib, verməyəcəyini bilmək olmaz”.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR