Budapeşt görüşü - Sülh üçün son şans olacaq?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Macarıstan paytaxtında planlaşdırılan görüşə ümidlə baxır. Tramp açıqlamasında qeyd edib ki, münaqişənin sülh yolu ilə həll etmək imkanları hələ də qalır.
Xatırladaq ki, oktyabrın 16-da Tramp Putinlə telefon danışığı aparıb. Məhz bu danışıqdan sonra Trampda sülhə dair ümidlər yenidən güclənib.
Alyaska görüşündən öncə də Tramp sülhün olacağına dair açıqlamalar verirdi. Lakin sonra baş verənlər bu ümidləri puç etdi.
Tramp və Putinin Budapeştdə planlaşdırılan görüşündə fərqli nəticə ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfan bildirdi ki, Rusiyanın sülhə meyilli olmaması növbəti görüşlə də bağlı ümidləri azaldır.
Onun fikrincə, sülhün təmin olunması üçün Qərbin Moskvaya göstərdiyi təzyiqlər artırılmalıdır:
“Bu təzyiqlərin zəif qalmasının əsas səbəblərindən biri isə Trampın Rusiya ilə bağlı iqtisadi və ticarət maraqlarıdır. ABŞ prezidentinin başlıca məqsədi ölkə iqtisadiyyatını gücləndirmək və göstəriciləri maksimum səviyyəyə çatdırmaqdır. Bu, onun uzun illər biznes sahəsində fəaliyyət göstərməsinin təzahürü kimi görünür”.
Tural İrfan Trampın Ukraynaya tam dəstək verməməsini həm Avropa ilə münasibətlərdəki tərəddüdlərdən, həm də Rusiya ilə gələcək ticarət əlaqələrinin inkişafına maraqlı olmasından qaynaqlandığını qeyd etdi.
Onun qənaətincə, ABŞ prezidenti geniş resurslara və böyük bazarlara malik bir ölkə ilə əməkdaşlıq quraraq iqtisadi artıma nail olmaq istəyir:
“Sülh üçün imkanlar hər zaman mövcuddur, lakin bunun üçün ciddi danışıqlara və real addımlara ehtiyac var. Əgər Tramp bu istiqamətdə konkret qərarlar qəbul edərsə, şübhəsiz ki, sülhə nail olmaq mümkündür. Təbii ki, sülh müəyyən şərtlər əsasında həyata keçirilməlidir və ehtimal var ki, Rusiya müəyyən güzəştlərə getməyə məcbur olsun. ABŞ-nin sülh planı əsasında məsələnin həlli onun regiondakı nüfuzunu Avropadan üstün mövqeyə gətirə bilər”.

Şərhçi əlavə edib ki, Ukraynanın təhlükəsizlik strategiyası üçün Avropanın bu prosesdən kənarda qalmaması vacibdir:
“Ola bilsin, tərəflər balansı qorumağa çalışacaqlar. Əks halda, yeni problemlər və ziddiyyətlər meydana çıxaraq sülh prosesini uzada bilər. Hər halda Budapeşt görüşündə Rusiyanın qarşısına konkret tələblər qoyulmalıdır. Əks təqdirdə, Moskva sülhdən yayınmaq və döyüş əməliyyatlarını davam etdirmək üçün bəhanələr tapacaq. Qeyd etmək lazımdır ki, Avropa və ABŞ-nin Rusiya-Ukrayna münaqişəsində maraqları bir-birindən fərqlənir və bu fərqlər siyasi arenada toqquşmalara səbəb olur. Belə şəraitdə Rusiya ciddi müqavimət və maneə görmür, bu da onun balans üstünlüyünü qorumasına şərait yaradır. Buna görə də Trampın Putinlə yanaşı Avropa liderləri ilə də fikir mübadiləsi aparması və razılaşmalara gəlməsi zəruridir”.
Politoloq Oqtay Qasımov isə bildirib ki, müharibəni qısa müddətdə dayandırmaq mümkün olmayacaq.
Trampın Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalarına və bu istiqamətdəki çıxışlarının xronikasına diqqət yetirdikdə, kifayət qədər ziddiyyətli məqamların mövcud olduğunu görmək mümkündür:
“Belə ki, hakimiyyətə gəldiyi ilk dövrlərdə Rusiyaya qarşı yumşaq münasibət sərgiləyən və bu ölkə ilə dialoqa üstünlük verən Donald Tramp, sonrakı mərhələlərdə mövqeyini tədricən sərtləşdirib. Xüsusilə, bu dəyişiklik iyul ayında daha aydın şəkildə hiss olunub. Rusiya tərəfi də Trampın mövqeyinin sərtləşdiyini görərək, vaxt qazanmaq məqsədilə Alyaska görüşünü təklif edib. Həmin görüşdən sonra Trampın bəyanatlarında və münasibətində müəyyən yumşalma müşahidə olunub. Bunun ardınca Rusiya bir daha sülh prosesindən yayınmağa başlayanda, ABŞ Prezidentinin Ukraynaya raketlərin verilməsi ilə bağlı səsləndirdiyi fikirlər Moskvanı yenidən danışıqlara məcbur edib. Fikrimcə, Rusiya bu dəfə də vaxt udmaq üçün Budapeşt görüşünə razılıq verib”.

Politoloq qeyd edib ki, Donald Tramp müharibənin dayandırılmasının tərəfdarıdır:
“Onun üçün əsas məqsəd döyüşlərin dayanmasıdır, bu prosesin kimə xeyir, kimə zərər gətirməsi isə ikinci plandadır. Əgər Tramp Budapeştdə Vladimir Putini atəşkəsə razı sala bilsə, bu, olduqca ciddi diplomatik addım olacaq. Lakin Rusiyanın belə bir addıma razılaşması inandırıcı görünmür. Bunun səbəbi isə tərəflərin sülhə baxış bucaqlarının fərqlənməsidir. Ukrayna atəşkəsin əldə olunmasını və müharibənin dayanmasını istəyirsə, Rusiya əksinə, Ukraynanın təslim olmasını və hətta hazırda nəzarət etmədiyi bəzi ərazilərin də ona verilməsini tələb edir. Trampın bu mövzuda açıqlamasında da açıq şəkildə qeyd olunur ki, Rusiya işğal etdiyi torpaqlardan geri çəkilməyəcək və Ukrayna müəyyən güzəştlərə getməlidir. Hətta yayılan məlumatlara əsasən, Putin-Tramp görüşündə Donetsk vilayətinin tamamilə Rusiyaya verilməsi məsələsi də müzakirə predmeti olub”.
O.Qasımov hazırda müharibənin dayandırılması ilə bağlı vəziyyətin hələ də ziddiyyətli olaraq qaldığını və onun qısa müddətdə həll olunmasının real görünmədiyini əlavə edib:
“Əgər indiyə qədərki ssenari davam edərsə və Rusiya vaxt udmağa çalışarsa, o zaman Budapeşt görüşünün də Alyaska görüşündən fərqli nəticə verməyəcəyi ehtimal olunur. Lakin fərqli bir variant ondan ibarət ola bilər ki, Tramp Ukrayna üzərinə ciddi siyasi təzyiqlər göstərərək onu razılaşmaya məcbur etməyə çalışsın. Bu halda isə Avropa ölkələrinin və NATO üzvlərinin mövqeyi həlledici rol oynayacaq. Düşünürəm ki, məhz Tramp-Zelenski görüşündən sonra Avropa paytaxtlarından gələn bəyanatlarda narahatlıq açıq şəkildə hiss olunurdu. Avropalı liderlər ehtiyat edirlər ki, Tramp müharibəni Ukraynanın məğlubiyyəti və ərazi itkiləri hesabına dayandırmaq niyyətindədir”.
Fidan Hacızadə
Sfera.az






