Almaniyadan müharibə açıqlaması: "Bir gün..."

Almaniya 35 ildən sonra ilk dəfə açıq şəkildə müharibə ehtimalını dilə gətirib. Federal Fövqəladə Hallar və Fəlakət Yardımı İdarəsi (BBK) Rusiyanın aqressiv siyasəti fonunda vətəndaşlara on gün kifayət edəcək qədər ərzaq və əsas ehtiyac məhsulları toplamağı tövsiyə edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qurumun rəhbəri Ralf Tisler bildirib ki, hazırda dünya narahatedici bir dövrdən keçir və Almaniya vətəndaşları hər cür fövqəladə vəziyyətə, o cümlədən mümkün müharibəyə hazır olmalıdırlar:
“Hər zaman öncədən hazırlıqlı olmaq vacibdir. Bu, bir gün çox faydalı ola bilər”.
BBK-nın yeni yayımladığı “Böhran və Fəlakətlərə Hazırlıq” adlı 36 səhifəlik sənəddə ilk dəfə müharibə ssenarilərinə də yer verilib. Sənəddə vətəndaşlara dezinformasiyanı tanımaq, partlayış və ya hücum zamanı sığınacaq tapmaq, eləcə də qorxu ilə mübarizə aparmaq yolları izah olunur.
1990-cı ildən bəri yayımlanan analoji sənədlərdə əsas diqqət təbii fəlakətlərə və texniki nasazlıqlara yönəldilirdi. Lakin bu dəfə sənəddə kiber hücumlar, sabotajlar və müharibə kimi hibrid təhlükələr xüsusi bölmələrdə izah olunub. Tisler bildirib ki, hər bir ailə öz imkanlarına uyğun şəkildə ehtiyat toplamalıdır.
“Fövqəladə vəziyyət üçün sabit bir qayda yoxdur. Hər kəs öz imkanına görə qərar verməlidir”, – deyə o əlavə edib.
Almaniya vətəndaşlarına həmçinin günəş enerjisi ilə işləyən və ya əl ilə doldurulan fənərlər, batareya ilə işləyən radio və kiçik qaz ocaqları saxlamaq tövsiyə olunub. Son illərdə Rusiyaya məxsus olduğu iddia edilən dronların Avropa hava limanlarını iflic etməsi, haker hücumları və Rusiya təyyarələrinin hava məkanını pozması Almaniyada təhlükəsizlik narahatlıqlarını artırıb.
Eyni zamanda Avropa ölkələri, o cümlədən Almaniya, Fransa və Polşa SAFE fondu çərçivəsində ordularını gücləndirməyə başlayıblar. Almaniyada isə məcburi hərbi xidmətin bərpası məsələsi yenidən gündəmə gətirilib.
Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Martin Yeger vəziyyətlə bağlı xəbərdarlıq edib:
“Artıq hədəfdəyik. Rahatlamaq kimi bir lüksümüz yoxdur”.
Bəsti Rəfizadə
Sfera.az






