"Fransaya neft ixracımız artıb, ona görə ki..." - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanın yanvar-sentyabr dövründə Fransaya xam neft ixracı həm həcmi, həm də dəyəri baxımından əhəmiyyətli artım göstərib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz bu dövrdə Fransaya 165,1 min ton xam neft göndərərək, 83,4 milyon ABŞ dolları gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 84,1%, dəyəri isə 1,5 dəfə artıb. Bu göstərici Azərbaycanın ümumi neft ixracının təxminən 0,97%-ni təşkil edir.
Ümumilikdə, yanvar-sentyabr aylarında Azərbaycan 17 milyon ton xam neft və neft məhsulları ixrac edərək 8,9 milyard dollar gəlir əldə edib. Eyni dövrdə ölkənin xarici ticarət dövriyyəsi 35,4 milyard dollar təşkil edib ki, bunun 18,6 milyard dolları ixracın, 16,8 milyard dolları isə idxalın payına düşüb.
Bəs görəsən, Azərbaycanın Fransaya neft ixracının artması hansı amillərlə bağlıdır? Neft ixracının artması iki ölkə arasında əvvəl mövcud olan gərginliyin azalması, münasibətlərin normallaşması ilə əlaqəli ola bilər mi?
İqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, neft bazarında qiymətlər dünya bazar qiymətləri ilə tənzimlənir.

Onun sözlərinə görə, burada əmtəə birjalarının (neft, qızıl və s.) qiyməti satışa görə tənzimlənir:
“İştirakçının burda qiyməti çox tənzimləmək imkanınız yoxdur. Böyük iştirakçılar tənzimləyə bilsə də, Azərbaycan kimi kiçik iştirakçılar heç bir şey edə bilmir. Bizim neftimizin satılma problemidə yoxdur. Əmtəə birjalarında əmtəələr bazarda formalaşmış qiymətə rahat satılır. Zatən satılmasa, qiymət aşağı düşür. Tələbat çox olduqda, qiymət artır. Tələbat az olduqda isə, əksinə qiymət düşür. Ona görə də, Fransaya, daha çoxmu satdıq, daha azmı satdıq kimi məsələlər xüsusilə ortaya çıxmır. Azərbaycan onsuz da, Avropaya neft-qaz satır. Çünki, bizim neftimiz Ceyhana gedir, ordanda tankerlərlə Aralıq dənizi sahillərinə paylanılır. İtaliya, İsrail, Fransa kimi ölkələrə gedir. Yəni, bizim neftimizin alıcıları daha çox Aralıq dənizi ölkələridir”.
Ekspert bu baxımdan, Azərbaycanın Fransa ilə heç bir zaman iqtisadi sahədə probleminin olmadığını deyib:
“Fransız malları da ən gərgin zamanlarda Azərbaycanda satılıb. Eynilə bizim mallarda Fransada satılıb. Fransa Avropanın siyasi lideridir. Bizim Fransa ilə siyasi mövzuda problemimiz ola bilər. Amma iqtisadi məsələlər də hər hansısa ciddi problemimiz olmayıb. Bizim gözləntilərimiz odur ki, Cənub Qaz Dəhlizi genişləndirilsin. İkincisi isə, alternativ enerjinin Qara Dəniz dibi ilə Avropaya ixracı məsələsi həll olsun. Bütün bunların hamısında da, Avropa İttifaqının siyasi rəhbərliyində də, Fransa təmsil olunur. Yəni alınan məhsullar bazar qiymətləri ilə alınır və satılır. Burda xüsusi nəsə axtarmaq lazım deyil. Fransa ilə Azərbaycan arasında olan hər hansısa bir gərginlik siyasi sahəyə aiddir və iqtisadi məsələlərə təsir etmir. Azərbaycan və Fransa arasında iqtisadi-ticari əməkdaşlıq Azərbaycan üçün çox vacibdir”.
Niyaz Hacıyev
Sfera.az






