ABŞ Hindistan tarifini qüvvədə saxlayacaq

ABŞ Hindistan tarifini qüvvədə saxlayacaq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan Rusiya neftinin idxalını tam dayandırmayana qədər Vaşinqton Nyu Dehliyə qarşı tətbiq etdiyi “külli miqdarda” tarifləri qüvvədə saxlayacaq.


Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Hindistanın Baş naziri Narendra Modi ilə danışdığını və onun Rusiya nefti ilə ticarəti dayandıracağını söylədiyini bildirib:


“Hindistanın baş naziri Modi ilə danışdım və o, Rusiya neftini almayacağını dedi”.


ABŞ lideri, Hindistan tərəfinin bu söhbətin baş tutmadığını iddia etməsinə cavab olaraq bildirib ki, əgər Modi hökuməti bu açıqlamanı təkzib etmək istəyirsə, onda kütləvi tarifləri ödəməyə davam edəcək.


Rusiya neftinin idxalı iki ölkə arasında uzunmüddətli ticarət danışıqlarında əsas mübahisə mövzularından biridir. Tramp administrasiyası Hindistan mallarına tətbiq etdiyi 50%-lik tariflərin yarısının məhz bu alışlara cavab olaraq tətbiq edildiyini açıqlayıb. ABŞ hesab edir ki, Rusiya neftindən əldə olunan gəlirlər Moskvanın Ukraynada apardığı müharibəni maliyyələşdirir.


Qərb dövlətlərinin 2022-ci ildə Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra Hindistan endirimli qiymətlərlə Rusiya neftinin ən böyük alıcısına çevrilib. Hindistan hökumətindən bir rəsmisi danışıqların “yaxşı şəkildə” davam etdiyini, lakin məsələnin həssaslığına görə əlavə təfərrüatları paylaşmaq istəmədiyini bildirib.

 

Ağ Ev rəsmiləri isə Hindistanın Rusiya neftinin idxalını yarıya endirdiyini bildirsə də, Hindistan mənbələri bu azalmadan xəbərdar olmadıqlarını deyiblər. Onların sözlərinə görə, ölkənin emal şirkətləri artıq noyabr və dekabr yükləmələri üçün sifarişlər verib, buna görə də mümkün azalma yalnız ilin sonlarında statistik göstəricilərdə əks oluna bilər.


“Kpler” əmtəə məlumat şirkətinin hesablamalarına əsasən, oktyabr ayında Hindistanın Rusiya neftinin idxalı 20% artaraq gündə 1,9 milyon barelə çatıb. Bu artım Ukrayna dron hücumlarından sonra Rusiyanın neft ixracını artırması ilə əlaqələndirilir.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR