Ağ Ev nümayəndələrindən biri İsrailə səfər edəcək

Ağ Ev nümayəndələrindən biri İsrailə səfər edəcək
Kateqoriya məlum deyil
T

ABŞ-nin vitse-prezidenti Cey Di Vens təsdiqləyib ki, Ağ Evin yüksək vəzifəli nümayəndələrindən biri bu həftə İsrailə səfər edəcək. 

 

Sfera.az xəbər verir ki, səfərin məqsədi Qəzza zolağında atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir. O, həmçinin bu missiyanın rəhbəri kimi özü də İsrailə yollana biləcəyini istisna etməyib.


“Bəlkə də bu şəxs mən olaram”– deyə Vens Agence France-Presse-ə bildirib.


Onun sözlərinə görə, səfər qarşıdakı bir neçə gün ərzində baş tutmalıdır.

 

Bundan öncə İsrailin Kan dövlət teleradio şirkəti həftə ərzində ABŞ-nin vitse-prezidenti Cey Di Vensin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İsrailə səfərinin gözlənildiyini xəbər vermişdi.

 

Xatırladaq ki, oktyabrın 19-da İsrail ordusu Fələstin radikallarının atəşkəs rejimini pozduğunu bildirib. Məlumata görə, insident anklavın cənubundakı Rəfah şəhəri yaxınlığında baş verib. Orada İsrail hərbçiləri atəşə tutulub. İsrailin baş naziri Benyamin Netanyahu hadisəyə görə HƏMAS hərəkatını ittiham edib və ordunun radikallara qarşı tətbiq olunacaq tədbirlər görməsi barədə göstəriş verib.

 

Hadisədən sonra İsrail ordusu anklavın müxtəlif hissələrinə zərbələr endirərək onlarla hədəfi vurub. Daha sonra ordu nümayəndələri açıqlayıb ki, Rəfahda baş verən səhər insidenti nəticəsində iki hərbçi həlak olub, biri isə ağır yaralanıb. HƏMAS nümayəndələri isə bu hadisə ilə hər hansı əlaqələrinin olmadığını bildiriblər.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR