İsrail dayanmayacaq - Bu ölkələrdə də əməliyyatlar keçirəcək

İsrail dayanmayacaq - Bu ölkələrdə də əməliyyatlar keçirəcək
Kateqoriya məlum deyil
T

Qəzza ilə bağlı razılaşmadan sonra İsrail Livanı vurmağa başlayıb. Beynəlxalq mediada yayılan məlumatlara görə, hücumlar əsasən “Hizbullah” qruplaşmasının mövqelərinə istiqamətlənib. Bununla belə, bir çox xarici ekspert bu hücumları sadəcə lokal əməliyyat kimi deyil, daha geniş strateji planın başlanğıcı kimi qiymətləndirir. Onların fikrincə, İsrail atəşkəsdən sonra Qəzza ilə məhdudlaşmayacaq və bölgədə İranın təsir dairəsində olan digər güclərə xüsusilə Livan, Suriya və Yəməndəki silahlı qruplara qarşı hərbi əməliyyatlar keçirə bilər. 

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Qəzza ilə bağlı atəşkəs razılaşmasından sonra İsrailin Livana qarşı əməliyyatlara başlaması göstərir ki, Təl-Əviv regional strategiyasını yalnız HƏMAS-la məhdudlaşdırmır: 


“Xarici ekspertlərin fikrincə, İsrailin məqsədi İranın Yaxın Şərqdə yaratdığı silahlı şəbəkəni zəiflətməkdir. Livan istiqamətindəki hücumlar bu planın ilk mərhələsi kimi qiymətləndirilir, çünki “Hizbullah” İranın ən yaxın tərəfdaşlarından biridir. İsrailin növbəti əməliyyat istiqaməti kimi Suriyanın adı çəkilir. Bu ölkə uzun illərdir İran qüvvələrinin və onların dəstəklədiyi qruplaşmaların əsas mərkəzinə çevrilib. Tel-Əviv artıq Suriyada İran obyektlərinə dəfələrlə zərbələr endirib və indi bu istiqamətdə əməliyyatların genişlənməsi gözlənilir. Bəzi analitiklər isə istisna etmirlər ki, İranın nüvə və raket infrastrukturları da müəyyən hallarda İsrailin hədəfinə çevrilə bilər”.

 

 

Politoloq digər ehtimal olunan istiqamətin İraq olduğunu əlavə edib. Onun sözlərinə görə, burada İranın dəstəklədiyi şiə milisləri vasitəsilə Livan və Suriyaya silah daşındığı bildirilir:


“İsrail bu logistik xətləri öz təhlükəsizliyi üçün təhdid hesab edir. Eyni zamanda, Yəməndəki Husi hərəkatının İsrailə qarşı son hücumları da potensial cavab əməliyyatlarına səbəb ola bilər.
Ümumilikdə, İsrailin Livan, Suriya və qismən İranla bağlı məhdudmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığı ehtimalı artır. Məqsəd bölgədə İranın təsirini zəiflətmək və İsrailin təhlükəsizlik mühitini bərpa etməkdir. Lakin bu proses regionda daha geniş eskalasiya və çoxcəhətli qarşıdurma riskini də artırır”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR