Çinli oğlanın dilənçilikdən həkimliyə qədər uzanan əzmkar yolu - FOTO

Li Chuangyenin Çinin kiçik bir kənddə başlayan həyatı illərlə çəkdiyi əziyyət və yoxsulluqla formalaşıb. O cəmi yeddi aylıq olarkən poliomielit xəstəliyinə tutulub və yeriyə bilməyib. Uşaqlıqdan təhsil xəyalları ondan alınıb. Sonradan dilənçi dəstələrinin qurbanı olub, illərlə küçələrdə yaşayıb. Amma o, təslim olmayıb. 16 yaşında oxuyub yazmağı öyrənib, sonra tibb məktəbinə daxil olub. Bu gün o, "möcüzə həkimi" kimi tanınır.
Sfera.az dramları xatırladan motivasiya hekayəsinin təfərrüatlarını təqdim edir.
Çinin Henan şəhərində yoxsul əkinçi ailəsində anadan olan Li Çuanqye yeddi aylıq olarkən uşaq iflici xəstəliyinə yoluxub və yeriyə bilməyib.
Erkən yaşlarında təhsil almaq arzusu həmyaşıdlarının zorakılığı və xəstəlik nəticəsində yarımçıq qalıb. Doqquz yaşında ailəsi əməliyyat üçün borca girsə də, əməliyyat uğursuz alınıb. Bu dövrdə həyatdan küsən Li anasının "Danışa ki bilirsən, hətta bu belə bir möcüzədir" - sözlərilə yenidən ümid tapdı.
Bir müddət sonra onların kəndinə bir adam gəldi və pul qazanmaq üçün məbədlərdə ətir satmaq işi təklif etdi.
Lakin bu təklif dilənçi dəstənin qurduğu tələ idi. Yeddi il ərzində Li küçələrdə dilənməyə məcbur olub. O, həmin illəri həm fiziki ağrı, həm də utancla dolu "cəhənnəm" kimi təsvir edir.
16 yaşında küçədə tapdığı qəzet onun həyatını 180 dərəcə dəyişdi.
O, savadsız olduğunu anlayıb kəndinə qayıdıb və məktəbə başlamaq qərarına gəlib. İbtidai məktəbin ikinci sinfindən başlayaraq təhsilini əzmlə davam etdirir. Çətinliklərə baxmayaraq, təslim olmur. Bu illər ərzində o, orta məktəbi bitirib, 25 yaşında tibb fakültəsinə qəbul olunub.
Fiziki qüsurlarına görə məktəbdə bir çox çətinliklərlə üzləşsə də, geri çəkilməyib.
Gücünü artırmaq üçün dağa dırmaşmağa başlayıb. İlk cəhdində o, beş gün ərzində əlləri qan içində Tay dağına çıxıb. Bu dırmaşmalar tez bir zamanda sosial mediada böyük diqqət toplayıb.
Bu gün doktor Li Chuangye Çinin Sincan bölgəsindəki kənd klinikasında həkimlik edir. Xəstələri onu "möcüzə həkimi" adlandırırlar. Keçmişdə çəkdiyi ağrılara baxmayaraq, heç kimə qarşı küskünlük hiss etmir. “O illər mənim həyatımın bir parçası idi” deyir.
Yaşadığı hər şeyə baxmayaraq, möcüzə həkim dik dayanır. O, həyat dərsini bir cümlə ilə yekunlaşdırır:
"Həyat dağlar kimidir; birinə qalib gələndə digəri ilə qarşılaşırsan. Vacib olan təslim olmamaqdır."
Aysel










