Dünyanın ən kasıb ölkələri - Gündə 2,15 dollarla yaşayırlar

Dünya üzrə təxminən 700 milyon insan gündə 2,15 dollardan az gəlirlə yaşayır. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılması istiqamətində demək olar ki, heç bir irəliləyiş əldə olunmayıb.
Sfera.az xəbər verir ki, Dünya Bankının 2024-cü il hesabatında bildirilir ki, dünya əhalisinin 8,5 faizi hələ də “həddən artıq yoxsulluq” səviyyəsindədir.
Məlumatlara əsasən, 1 milyard insan gündə 2,15–3,65 dollar, dünya əhalisinin isə yarıdan çoxu 6,85 dollardan az gəlirlə dolanır.
Son 25 ildə Şərqi Asiya, Sakit okean hövzəsi və Cənubi Asiya regionları yoxsulluğun ən çox azaldığı bölgələr kimi qeyd olunur. Lakin COVİD-19 pandemiyası və sonrakı iqtisadi böhranlar son onilliklərin ən ciddi yoxsulluq artımına səbəb olub.
Hesabatda vurğulanır ki, Cənubi Asiya və Səhraaltı Afrika ölkələrində yaşayan əhalinin böyük hissəsi hələ də bir çox orta gəlirli ölkələrdə yoxsulluq sayılacaq iqtisadi səviyyənin altında yaşayır.
Proqnozlara görə, 2030-cu ildə dünya əhalisinin 7,3 faizi "həddən artıq yoxsulluq" içində qalacaq və bu dövr ərzində yalnız 69 milyon insanın yoxsulluqdan çıxacağı gözlənilir.
“Visual Capitalist” platformasının Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin aprelində dərc etdiyi “Dünya İqtisadi Görünüşü” hesabatına əsasən, dünyanın ən kasıb ölkələrinin əksəriyyəti Afrikanın Səhraaltı bölgəsində yerləşir.
Reytinqin ilk onluğu belədir (illik adambaşına):
1. Cənubi Sudan – 251 dollar
2. Yəmən – 417 dollar
3. Burundi – 490 dollar
4. Mərkəzi Afrika Respublikası – 532 dollar
5. Malavi – 580 dollar
6. Madaqaskar – 595 dollar
7. Sudan – 625 dollar
8. Mozambik – 663 dollar
9. Konqo Demokratik Respublikası – 743 dollar
10. Nigeriya – 751 dollar
Bu ölkələr adam başına düşən ÜDM göstəricisinə görə dünyanın ən yoxsul 10 dövləti hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az






