Putin terrorçu adlandırdığı adamın əlini sıxdı – FOTO

Putin terrorçu adlandırdığı adamın əlini sıxdı – FOTO
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Moskvada Suriyanın yeni dövlət başçısı Əhməd Əl-Şara ilə görüş keçirib. Görüşdə iki ölkə arasındakı münasibətlərin 1944-cü ildən bəri dostluq və əməkdaşlıq prinsipləri üzərində formalaşdığı vurğulanıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Putin görüş zamanı Rusiya-Suriya əlaqələrindən danışaraq bildirib:


“Rusiyanın Suriyaya münasibəti heç vaxt siyasi maraqlarla formalaşmayıb. Biz yalnız Suriya xalqının maraqlarını qoruyuruq. Suriya xalqı ilə dərin tarixi bağlarımız var”.


Lakin Kremlin rəhbərinin bu sözləri ziddiyyətli qarşılanıb. Çünki Putin əlini sıxdığı şəxsi – yeni Prezident Əhməd Əl-Şaranı (əvvəllər Əbu Məhəmməd əl-Colani kimi tanınırdı) illər əvvəl “tamamilə məhv ediləcək” terrorçu adlandırmışdı.


Əl-Şara uzun müddət “Əl-Qaidə” ilə əlaqəli Heyət Təhrir Əl-Şam (HTŞ) qruplaşmasının lideri olub. Rusiya 2020-ci ildə bu təşkilatı “zalim və barbar üsullarla saxta xilafət qurmaq istəyən” terror qrupu kimi tanımış və “tam məhv edilənə qədər mübarizənin davam edəcəyini” bəyan etmişdi.


Həmin dövrdə Rusiya, Türkiyə və ABŞ HTŞ-ni rəsmi olaraq terror təşkilatı kimi tanımış, Rusiya aviasiyası isə Dəməşqə irəliləyən Şaranın silahlı dəstələrinə hava zərbələri endirmişdi.


Lakin HTŞ-nin Dəməşqi ələ keçirməsi və sabiq prezident Bəşər Əsədin Moskvaya qaçmasından sonra Rusiya Suriyada mövqeyini dəyişib.


“Reuters” və “Syria TV”nin məlumatına görə, Moskvadakı görüşdə iki əsas məsələ müzakirə edilib – Əsədin ekstradisiyası və Rusiyanın Tartus və Hmeymim bazalarındakı hərbi mövcudluğu.


Analitiklər hesab edirlər ki, bu görüş Rusiya ilə Suriyanın yeni hakimiyyəti arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR