Tramp Rusiya-Ukrayna sülhündən ümidini üzüb? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukrayna ilə müharibəni dayandırmaq istəmir. Onun sözlərinə görə, əgər Vladimir Putin istəsəydi, bu münaqişə qısa müddətdə sona çata bilərdi.
Tramp artıq tərəflər arasında sülhdən əlini üzüb? Daha özünü sülh təminatçısı kimi görmür?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli ABŞ prezidenti Donald Trampın, Rusiya lideri Vladimir Putinin müharibəni dayandırmaq istəmədiyini bildirməsinin o qədər də qeyri-adi hadisə olmadığını deyib:

“Çünki əgər Tramp bu reallığı yalnız indi etiraf etməyə başlayıbsa, bu, Ukrayna müharibəsinin əvvəlindən məlum olan bir həqiqətdir. Hamıya bəllidir ki, müharibəni başladan da, onu dayandıra biləcək yeganə tərəf də məhz Rusiya prezidentidir. Əgər Putin istəsə, bu münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində ən qısa zamanda bitirmək mümkündür. Bunun üçün Rusiya silahlı qüvvələrini Ukrayna ərazisindən tam şəkildə çıxarmalı, eyni zamanda Krımı da Ukraynaya qaytarmalıdır. Çünki beynəlxalq hüquq və Ukraynanın ərazi bütövlüyünün qorunması bunu tələb edir. Lakin Kreml bu istiqamətdə addım atmaq niyyətində deyil. Əksinə, Ukraynanın ərazisindən daha çox pay qoparmaq məqsədi ön plana çıxır. Bu səbəbdən, Rusiyanın müharibəni dayandırmaq istəmədiyi artıq heç kim üçün sirr deyil”.
Politoloq Trampın əvvəllər Putinlə razılığa gələ biləcəyinə inandığını, indi isə bu reallığı qəbul etməyə başladığını əlavə edib.
Onun fikrincə, bu etiraf onu göstərir ki, nəhayət, Ağ Ev Ukrayna müharibəsi ilə bağlı prinsipial və qətiyyətli qərarlar qəbul etməli olacaq:
“Çünki mövcud vəziyyət uzun müddət davam edə bilməz. ABŞ ya bu müharibənin uzanmasını qəbul edib Ukraynaya hərbi yardımı davam etdirməli, ya da Rusiyanı sülhə məcbur etmək üçün daha sərt sanksiyalar və əlavə təzyiq mexanizmləri tətbiq etməlidir. Hazırda isə Tramp administrasiyası tərəddüdlü mövqedə qalır və qəti addımlar atmağa tam hazır görünmür. Böyük ehtimalla bu proses bir müddət də davam edəcək. Yalnız bütün diplomatik və sülh imkanları tükəndikdən sonra müəyyən addımların atılması ehtimalı gündəmə gələ bilər”.
Fidan Hacızadə
Sfera.az






