Pakistan-Əfqanıstan sərhədində yeni toqquşma - Ölənlərin sayı artır

Pakistan ordusu Əfqanıstan ərazisində yerləşən terror qruplaşmalarının mövqelərinə zərbə endirib. Bu, ölkənin şimal-qərbində, Xayber Paxtunxva vilayətinin Kurram dairəsində yerləşən Pakistan blokpostlarına edilən hücuma cavab olaraq həyata keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə dövlət televiziyası PTV məlumat yayıb.
Məlumata görə, oktyabrın 14-ü axşam saatlarında “Taliban” hərəkatının silahlıları və “Fitna əl-Xavaric” (əvvəlki adı “Tehrik-i-Taliban Pakistan” “Pakistan Taliban Hərəkatı”) qruplaşmasının üzvləri Pakistan sərhəd postlarını atəşə tutublar. Cavab atəşi nəticəsində terrorçulara məxsus bir blokpost və tank mövqeyi məhv edilib. Döyüşlər zamanı “Fitna əl-Xavaric” qruplaşmasının yüksək rütbəli komandirlərindən biri zərərsizləşdirilib.
Bundan əvvəl, oktyabrın 11-də Əfqanıstanın Hilmənd vilayətində atışma baş vermiş, daha sonra Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbə endirmişdi. “Taliban” rəsmiləri əməliyyatla bağlı təfərrüatları açıqlamayıblar. Əfqanıstanın "TOLO News" telekanalı isə toqquşmalar nəticəsində azı 58 pakistanlı hərbçinin həlak olduğunu iddia edib.
Öz növbəsində İslamabad bildirib ki, Pakistan ordusu 200-dən çox silahlını məhv edib, Əfqanıstan ərazisində atəş açılan 19 terror obyektini və hücum edən ekstremistlərə dəstək verən Əfqan tank batalyonunun qərargahını sıradan çıxarıb.
Niyaz Hacıyev
Sfera.az






