ABŞ Rusiyaya təzyiq üçün onlarla əməkdaşlıq edəcək

ABŞ Rusiyaya təzyiqi əhəmiyyətli dərəcədə artırmaq üçün G7 müttəfiqləri ilə əməkdaşlığa hazırdır.
Sfera.az xarici KİV-ə istinadla bildirir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonda keçirilən görüşdə Ukraynanın Baş naziri Yuliya Sviridenkona deyib.
Bessent Avropa müttəfiqlərinin təkcə Rusiyaya qarşı deyil, həm də Rusiya neftini alan istənilən iqtisadiyyata qarşı təzyiq kampaniyasını gücləndirmələrinin vacibliyini vurğulayıb.
O, həmçinin ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fonduna göstərdiyi davamlı dəstəyə görə Sviridenkoya minnətdarlığını bildirib.
Qeyd edək ki, daha əvvəl Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Sviridenkonun başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin silah istəmək üçün ABŞ-yə getdiyini açıqlamışdı.
“Ukrayna tərəfi hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və zərbə imkanlarının müzakirəsini gözləyir”, - Yermak bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti qış ərəfəsində enerji əməkdaşlığını da müzakirə edəcək.
Firuzə Əliyeva




