Avropa İttifaqının müdafiə büdcəsi 5 dəfə artırılacaq

Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edən növbəti yeddiillik büdcə planı çərçivəsində Avropa İttifaqının (Aİ) müdafiə büdcəsini beş dəfədən çox artırmaq niyyətindədir. Bununla Aİ-nin hərbi xərcləri əvvəlki 2021-2027-ci illər büdcəsində nəzərdə tutulmuş 25,5 milyard avrodan 131 milyard avroya çatdırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən təhlükəsizlik konfransında Avropa Komissiyasının müdafiə üzrə komissarı Andrius Kubilyus bildirib.
“Avropa Komissiyası növbəti çoxillik büdcə planında müdafiə xərclərini əvvəlkindən beş dəfə artırmağı təklif edib – hərbi ehtiyaclar və kosmos üçün 131 milyard avroya qədər” – deyə Kubilyus vurğulayıb.
Yeddiillik büdcə planı hələ 2026-cı ilin sonuna qədər bütün Aİ ölkələri tərəfindən təsdiqlənməlidir.
Eyni zamanda, onun sözlərinə görə, əgər bütün Aİ ölkələri 2028-ci ilədək hərbi xərclərini ÜDM-in ən azı 3%-inə çatdırarsa (NATO planına əsasən 2035-ci ilədək 5%-ə çatdırmaq məqsədi ilə), 27 Aİ ölkəsinin 2028-2035-ci illər üzrə ümumi hərbi xərcləri 420 milyard avro təşkil edəcək.
Niyaz Hacıyev
Sfera.az




