Qəzzada sülh çağırışı – Ərdoğandan beynəlxalq ictimaiyyətə mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəsin qorunmasının və davamlı olmasının vacibliyini vurğulayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Misirdən qayıtdıqdan sonra verdiyi açıqlamada Ərdoğan İsrailə xəbərdarlıq edib.
O bildirib ki, əgər İsrail atəşkəsi pozarsa, bunun nəticələri çox ağır olacaq.
“Əsas məsələ bu atəşkəsin daimi olması və heç bir şəkildə pozulmamasıdır. Bildiyiniz kimi, İsrail daha əvvəl də atəşkəsi pozub. Buna görə biz daha diqqətli və ehtiyatlı olmalıyıq. Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunması üçün birgə çalışır. İsrail yaxşı bilir ki, əgər bu razılaşmanı pozarsa, bunun qarşılığını çox ağır şəkildə ödəyəcək”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri həmçinin bildirib ki, Qəzza ilə bağlı keçmişdə əldə edilən bir çox razılaşmalar yerinə yetirilməyib:
“Təəssüf ki, İsrailin birtərəfli addımları və beynəlxalq ictimaiyyətin qəti mövqe nümayiş etdirməməsi bu vəziyyəti daha da çətinləşdirdi. Amma indi ölkələr arasında həmrəyliyin artdığını görürük. Misirdə keçirilən sammitdə bu birliyi bir daha müşahidə etdik. İnanıram ki, ABŞ Prezidenti Donald Tramp başladığı sülh prosesini davam etdirəcək”.
Fidan Hacızadə
Sfera.az




