İran İsrail barışığı olacaqmı? - Bu təklif Tehranı əsəbiləşdirib – ŞƏRH

İran İsrail barışığı olacaqmı? - Bu təklif Tehranı əsəbiləşdirib – ŞƏRH
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp dünən İsrail parlamenti “Knesset”də çıxışı zamanı bildirib ki, 12 günlük müharibədən sonra İran və İsrail arasında sülh sazişi əldə olunmayıb. O qeyd edib ki, iki düşmən ölkə arasında sülhün əldə edilməsi yaxşı olardı. 


Trampın bu fikirləri Yaxın Şərqdə yeni siyasi müzakirələrə səbəb olub. İran Xarici İşlər Nazirliyi isə ABŞ Prezidentinin dialoq çağırışını sərt tənqid edərək, onu “düşmən və cinayətkar davranış”da ittiham edib.


Məsələ ilə bağlı siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İran və İsrail arasında düşmənçilik tarixi və dini səbəblərdən çox, maraqlara əsaslanır:


“Əslində İranla İsrailin düşmənçiliyi təbii deyil, maraqlara görədir. Əgər qarşılıqlı maraqlarını müharibədən və təhdiddən başqa yolla təmin edə bilsələr, sülh də edərlər. Tramp bunu dilə gətirməklə eyni zamanda gələcəkdə mümkün hərbi müdaxilə ehtimalını istisna etmir və özünü indidən sığortalayır. ABŞ Prezidenti ümumiyyətlə dünyada özü barədə müsbət imic formalaşdırmaq, sülhpərvər obraz yaratmaq istəyir. Bu məqsəd ABŞ-nin dərin dövlət maraqlarına da uyğundur. Çünki uzun illərdir ABŞ haqqında dünyada qan tökən, yalnız müharibələr aparan, istismarçı bir obraz formalaşıb”.


Ekspertin fikrincə, Trampın dedikləri İsrailin real mövqeyini əks etdirmir:


“Düşünürəm ki, Trampın dedikləri İsrailin dedikləri deyil. İsrailin Yaxın Şərqdəki işğal planına İranın mövcud düşmənçilik mövqeyi həddən artıq fayda verir. İranla sülhə o zaman razı ola bilər ki, işğalçılıqdan əl çəksin. Bu da qətiyyən mümkün deyil. Çünki "Böyük İsrail" planı yəhudi dövlətinin əsas prinsiplərindəndir”.


Tural İrfan əlavə edib ki, “Böyük İsrail” ideyasına görə Fələstindən sonra növbədə bir sıra ərəb ölkələri var:


“Hələ Fələstindən sonra planlarında İordaniya, Misir, Suriya, Livan, Səudiyyə Ərəbistanı, İraq və Türkiyənin bir hissəsi var. Uzun illik plana əsasən bu ərazilər ələ keçirilməlidir. Yəhudi inancına görə İbrahim Peyğəmbər bu torpaqları onlara “vəd edib”. Odur ki, yəhudi–ərəb müharibəsi hələ yüz illərlə davam edəcək. İranın da bu düşmənçilikdən böyük mənada faydalandığı faktdır. Daxildə əhalini daima təzyiq altında saxlamaq, İsrail təhlükəsini bəhanə edərək sanksiyaları və sosial durumu əsaslandırmaq, müsəlman qardaşlığı, ümmətçilik, Fələstin, Qüds məscidi şüarları ilə dövlət ideologiyasını bərkitmək və Yaxın Şərqdə ərəb–müsəlman aləminə qarşı çıxış edərək Qərbin, ABŞ-nin, Avropanın balanslaşdırma siyasətinə xidmət etmək – bunlar İranın maraqlarına uyğundur”.

 


Mütəxəssis hesab edir ki, həm Trampın çıxışı, həm nüvə məsələsi, həm də Qəzzadakı hadisələr İranla öncədən razılaşdırılmış proseslərin tərkib hissəsidir:


“Trampın çıxışı da, nüvə oyunu da, Qəzzadakı proseslər də İranla danışılmış məsələlərdir. İran Həması İsrailə qarşı təhrik etməklə 70 min insanın ölümünə səbəb olub, təşkilatın öncül liderlərinin sıradan çıxarılmasına zəmin yaradıb, hazırkı durumu təmin edib. Ona görə İranı mütləq mükafatlandıracaqlar.
İranın dini ideologiyasına görə Fələstin əhalisi nasibi, yəni İmam Əli düşmənidir və qanı halaldır. Sadəcə özləri öldürə bilmədikləri əhalini İsrailin əli ilə məhv etdilər. Necə ki, Suriyada Əsəd rejimi ilə birgə sünni əhaliyə qarşı soyqırımı həyata keçirirdi. Qəzzanın viran olmasında İranın rolu müstəsnadır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR