Diqqət Qəzzadan Ukraynaya yönəlir: Rusiya üçün yeni mərhələ başlayacaq

Qəzza münaqişəsində atəşkəsin təmin edilməsindən sonra beynəlxalq ictimaiyyətin diqqətinin yenidən Rusiya-Ukrayna münaqişəsinə yönəlməsi gözlənilir. Qəzza ilə bağlı vəziyyətin sabitləşməsi Avropa və digər Qərb ölkələrinin resurslarını və siyasi diqqətini Ukrayna məsələsinə yönəltməyə imkan yarada bilər. Bu, həm hərbi, həm də diplomatik səviyyədə yeni gedişlərə təkan verə, Rusiya-Ukrayna münaqişəsinin gedişatında müəyyən dəyişikliklərə yol aça bilər.
Mövzu ilə əlaqədar Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Qəzza münaqişəsinin sona çatması ilə beynəlxalq gündəmin yenidən Rusiya–Ukrayna müharibəsinə yönəlməsi real ssenaridir.
Onun sözlərinə görə, hal-hazırda dünyanın siyasi və informasiya resurslarının böyük hissəsi Yaxın Şərqdəki böhrana fokuslanıb:
“Lakin Qəzzada vəziyyət sabitləşərsə, Qərb dövlətləri, xüsusilə də ABŞ və Avropa İttifaqı, diqqəti yenidən Ukrayna cəbhəsinə çevirəcək. Bu, həm siyasi, həm də hərbi baxımdan yeni mərhələnin başlanğıcı ola bilər”.
Politoloq son aylarda Ukraynaya yardımların azalmasının və Qərbdə daxili siyasi müzakirələrin güclənməsinin, Kiyevin mövqelərini zəiflətdiyini vurğulayıb:
“Qəzza mövzusu arxa plana keçdikdən sonra Vaşinqton və Brüsselin Ukraynaya dəstək paketlərini yenidən aktivləşdirməsi mümkündür. Bu, həm də Qərbin strateji prioritetlərinin yenidən tənzimlənməsi anlamına gələcək. Digər tərəfdən, Rusiya da Qərbin diqqətinin yenidən öz üzərinə yönəlməsini nəzərə alaraq, diplomatik manevrlərini artırmağa çalışacaq”.

Müsahibimiz əlavə edib ki, Qəzza münaqişəsi Qərb üçün ciddi bir sınaq oldu və göstərdi ki, bir neçə paralel böhranı eyni anda idarə etmək asan deyil:
“Rusiya isə bu reallığı dərk edərək zaman qazanmağa, cəbhə xəttində mövqelərini möhkəmləndirməyə çalışdı. İndi isə diqqətin yenidən Ukraynaya yönəlməsi Kreml üçün daha ciddi təzyiqlər demək olacaq.
Eyni zamanda, informasiya müharibəsində də yeni mərhələ gözlənilir. Qərb mediası və siyasi dairələri Ukraynanı yenidən “azadlıq uğrunda mübarizə simvolu” kimi təqdim etməyə başlayacaq. Bu, ictimai rəyin formalaşmasında mühüm rol oynayacaq”.
T.İsmayılov dedi ki, Qəzza böhranının bitməsi Rusiya–Ukrayna münaqişəsini yenidən beynəlxalq gündəmin mərkəzinə gətirsə də bu, savaşın nəticəsini dərhal dəyişməyəcək. Yalnız prosesin diplomatik və hərbi ritmini yeniləyəcək.
Niyaz Hacıyev
Sfera.az






