Bu ölkə ABŞ-də hərbi baza quracaq

ABŞ və Qətər arasında imzalanan yeni hərbi razılaşma iki ölkə arasında təhlükəsizlik əməkdaşlığını daha da dərinləşdirib. Razılaşmaya əsasən, Qətər ABŞ-nin Aydaho ştatındakı “Mountain Home” Hava Bazasında hərbi obyekt inşa edəcək.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, yeni baza Qətər pilotlarının F-15 qırıcı təyyarələrində təlim keçməsi üçün nəzərdə tutulub. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, bu layihə Qətərlə strateji tərəfdaşlığın daha bir göstəricisidir.
“Bu gün Aydahoda yerləşən "Mountain Home" Hava Bazasında Qətər Əmirlik Hava Qüvvələri obyektinin yaradılmasına dair qəbul məktubunu imzalamaqdan qürur duyuram”, – deyə Heqset açıqlamasında vurğulayıb.
Pentaqon hələlik Qətərə məxsus neçə F-15 təyyarəsinin burada yerləşdiriləcəyini və bazanın fəaliyyətə nə vaxt başlayacağını açıqlamayıb.
Qeyd edək ki, keçən ay Donald Tramp Qətərin müdafiəsi üçün ABŞ ordusunun bütün imkanlarının səfərbər edilməsini nəzərdə tutan fərman imzalamışdı. Bu addım iki ölkə arasındakı təhlükəsizlik əlaqələrini NATO səviyyəsinə yaxınlaşdırıb.
Qətər hazırda ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası olan “Əl-Udeyd” bazasına da ev sahibliyi edir. Sözügedən baza bu ilin əvvəlində İranın nüvə obyektlərinə cavab məqsədilə hədəfə alınmışdı.
Bəsti Rəfizadə
Sfera.az






