Şengen bölgəsinə giriş qaydaları dəyişir - YENİLİK

Şengen bölgəsinə giriş qaydaları dəyişir - YENİLİK
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı Şengen bölgəsinə giriş qaydalarını dəyişir. 12 oktyabr tarixində qüvvəyə minəcək Giriş/Çıxış Sistemi (Entry/Exit System – EES) ilə artıq sərhəd qapılarında pasport yoxlaması yerini üz tanıma və barmaq izi texnologiyasına verəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ueni sistem Avropa İttifaqına üzv olmayan bir çox ölkənin vətəndaşlarını əhatə edəcək.

 

Səyahətçilər hava limanlarında, qatar stansiyalarında və sərhəd keçid məntəqələrində quraşdırılacaq rəqəmsal köşklər vasitəsilə şəxsiyyətlərini özləri təsdiqləyəcəklər.

 

Aİ rəsmilərinin açıqlamasına görə, sistemin əsas məqsədi sərhəd təhlükəsizliyini artırmaq və saxta kimliklə girişlərin qarşısını almaqdır. Giriş zamanı səyyahların pasport məlumatları ilə yanaşı, üz tanıma və barmaq izi məlumatları da qeydiyyata alınacaq. 12 yaşdan kiçik uşaqlardan barmaq izi götürülməyəcək.

 

Məlumatlar üç il müddətində saxlanılacaq, vizasının müddətini aşan şəxslərin məlumatları isə beş il sistemdə qalacaq.

 

Aİ-nin Miqrasiya və İnteqrasiya naziri Kaare Dybvad Bek bildirib ki, yeni sistem xarici sərhədləri daha təhlükəsiz və yoxlamaları daha sürətli edəcək. "Frontex" sözçüsü Kris Borovski isə sərhədlərdə vaxt itkisini azaltmaq üçün mobil tətbiqin hazırlanmaqda olduğunu deyib.

 

İsveç, Portuqaliya, İtaliya, Macarıstan və Yunanıstan EES sistemini tətbiq etməyə hazırlaşan ilk ölkələr olacaq.

 

EES sistemi Avropa İttifaqına üzv olmayan ölkə vətəndaşlarının Şengen bölgəsinə giriş və çıxışlarını biometrik məlumatlarla rəqəmsal şəkildə qeydə alacaq. ABŞ, Kanada, Avstraliya və Böyük Britaniya kimi vizasız qısa səfər hüququ olan ölkələrin vətəndaşları da sistemə daxil ediləcək.

 

İrlandiya və Cənubi Kipr vətəndaşları, eləcə də Aİ-də yaşayış icazəsi olan şəxslər sistemdən azad ediləcək.


Qeyd edək ki, 2026-cı ildən etibarən Avropa Səyahət Məlumatı və İcazə Sistemi (ETIAS) də istifadəyə veriləcək. Bu proqram vasitəsilə Aİ-yə qısa müddətli səfər edən ölkələrin vətəndaşları rəqəmsal icazə alaraq Avropaya daxil ola biləcəklər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR