Rusiya Çindən asılı vəziyyətə düşə bilər

ABŞ-nin daxili işlər naziri Duqlas Berqam Ağ Evdə keçirilən hökumət kabinetinin iclasında Prezident Donald Trampa müraciət edərkən bildirib ki, Rusiya-Ukrayna müharibəsinin həllində energetika amili həlledici rol oynayacaq.
Nazir qeyd edib ki, İsrail və Fələstin arasında əldə olunan razılaşmadan sonra diqqət Ukraynadakı münaqişənin dayandırılmasına yönəldilməlidir. Onun sözlərinə görə, “Yaxın Şərqlə birgə işləyərək Rusiya-Ukrayna müharibəsinə də son qoya bilərik”.
Politoloq Elçin Xalidbəyli məsələni Sfera.az-a şərh edərkən bildirib ki, ABŞ və Qərb son aylarda Rusiyanın ən zəif nöqtəsini, enerji sektorunu hədəfə alıblar.

“Hazırda Ukrayna ordusu ABŞ-nin razılığı ilə Rusiyanın neft emalı zavodlarına zərbələr endirir. Bu, ölkədə yanacaq böhranı yaradaraq iqtisadiyyatın digər sahələrinə də birbaşa təsir göstərir. Yəni Ukrayna və onun Qərbdəki tərəfdaşları olduqca dəqiq strategiya ilə hərəkət edirlər”.
Elçin Xalidbəylinin sözlərinə görə, proses hələ başlanğıc mərhələsində olsa da, artıq Rusiyanın enerji ixracında ciddi geriləmələr müşahidə olunur:
“Avropa Birliyi 2026-cı ildən Rusiyadan neft, 2027-ci ildən isə təbii qaz idxalını tam dayandırmağı planlaşdırır. Rusiya üçün Avropa bazarları əsas maliyyə mənbəyi idi və Kremlin bu bazarı itirməsi böyük gəlir itkisinə səbəb olacaq. Rusiya bu iki ölkədən, xüsusilə Çindən asılı vəziyyətə düşə bilər. Əgər 2014-cü ildə olduğu kimi neftin qiymətinin süni şəkildə aşağı salınması ssenarisi də reallaşarsa, Kremlin enerji gəlirləri kəskin azalacaq. Bu da Ukrayna müharibəsində Rusiyanın hərbi qüvvələrinin maliyyələşdirilməsində ciddi problemlərə yol aça bilər”.
Bəsti Rəfizadə
Sfera.az






