ABŞ–İran nüvə danışıqları: Altıncı raundda razılaşma olacaqmı?

ABŞ–İran nüvə danışıqları: Altıncı raundda razılaşma olacaqmı?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı müzakirələr başlayıb. Onun sözlərinə görə, artıq “çox fərqli bir İran” mövcuddur.

 

Qeyd edək ki, 2025-ci ildə İran və ABŞ arasında keçirilən nüvə danışıqlarının beş raundu heç bir razılaşma əldə olunmadan başa çatıb.


Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin fikrincə, hələlik ABŞ və İran arasında nüvə sazişinin gerçəkləşib-gerçəkləşməyəcəyi barədə qəti fikir bildirmək çətindir. O qeyd edib ki, bu proses kifayət qədər uzunmüddətli xarakter daşıyır: 


"Üstəlik, iki ölkə arasında ciddi qarşıdurma mühiti hökm sürür. Hətta bəzi məlumatlara əsasən, ABŞ bölgəyə yenidən hərbi qüvvələr yerləşdirməyə başlayıb. Ehtimal edilir ki, Vaşinqtonda İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ilə bağlı müzakirələr aparılır və bu məsələ həm hərbi dairələrdə, həm də Amerika siyasi çevrələrində əsas gündəm mövzusu kimi diqqətdədir”.

 

 

Politoloq əlavə edib ki, Donald Tramp sülh və razılaşmadan danışsa da, real anlaşma perspektivləri hələ görünmür.

 

Elçin Xalidbəyli bildirib ki, İran rəsmiləri nüvə silahı hazırlamaq niyyətində olmadıqlarını bəyan edirlər. Lakin ABŞ əksini düşünür və hesab edir ki, İranın bütün fəaliyyətləri nüvə silahı istehsalına yönəlib. 


Politoloq vurğulayıb ki, əgər Tehran belə silaha sahib olarsa, bu, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevriləcək:

 

"Hər iki tərəfin açıqlamalarının nə dərəcədə reallığı əks etdirdiyi isə bəlli deyil. 

Ümumilikdə Qərb dövlətləri arasında belə bir əhval-ruhiyyə yaranıb ki, İran məsələsi hələlik həll olunmayıb və bu mövzuya daha qətiyyətli yanaşmaq lazımdır. Bu səbəbdən, növbəti danışıqlar mərhələsində razılaşma əldə olunmasa, ABŞ-nin İrana qarşı hərbi zərbələr endirməsi ehtimalı istisna edilmir. Hazırda bu istiqamətdə hazırlıqların getdiyi də müşahidə olunur".


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR