"İsrail ilə HƏMAS arasındakı razılaşma tam icra edilsin" - Starmer

Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrail ilə HƏMAS arasında əldə olunan razılaşmanın dərhal və tam şəkildə icra edilməsinə çağırıb.
Sfera.az xəbər verir ki, Starmer Hindistana səfəri zamanı “Reuters” agentliyinə açıqlamasında bildirib ki, razılaşma Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması ilə müşayiət olunmalıdır.
“Bu razılaşma gecikmədən və tam şəkildə həyata keçirilməlidir. Qəzzaya həyati əhəmiyyət daşıyan humanitar yardımın çatdırılmasına dair bütün məhdudiyyətlər dərhal ləğv olunmalıdır”– deyə o vurğulayıb.
Baş nazir ABŞ, Misir, Qətər və Türkiyəyə dayanmadan göstərdikləri diplomatik səylərə görə təşəkkür edib. O, razılaşmanın icrasının həm israilli girovların ailələri, həm də Qəzza sakinləri üçün böyük bir rahatlıq yaradacağını bildirib.
“Bütün tərəfləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, müharibəyə son qoymağa və ədalətli, davamlı sülhə doğru addım atmağa çağırırıq” – deyə Starmer qeyd edib.
O, həmçinin Böyük Britaniyanın razılaşmanın ilkin mərhələsinin həyata keçirilməsini və danışıqların növbəti mərhələsinə keçidi dəstəklədiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən danışıqlardan sonra İsrail və HƏMAS nümayəndələrinin sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlamışdı. Trampın sözlərinə görə, bu mərhələ yaxın vaxtlarda bütün girovların azad edilməsini və İsrail qüvvələrinin Qəzza daxilində razılaşdırılmış xəttədək geri çəkilməsini nəzərdə tutur. ABŞ lideri bu addımı davamlı və etibarlı sülhə doğru atılmış ilk addım adlandırıb.
Niyaz Hacıyev
Sfera.az






