İsrailin bu hərəkəti piratçılıqdır - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi İsrail silahlı qüvvələrinin Qəzza zolağına humanitar yardım aparan “Azadlıq Donanması” gəmilərinə müdaxiləsini kəskin şəkildə pisləyib və bu addımı “piratçılıq aktı” adlandırıb.
Sfera.az “Hürriyyət”nəşrinə istinadən xəbər verir ki, nazirliyin bəyanatına əsasən, “Azadlıq Donanması”na beynəlxalq sularda edilən hücum tamamilə piratlıqdır.
Sənəddə vurğulanır ki, Türkiyə vətəndaşları və millət vəkilləri də daxil olmaqla, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həyata keçirilən bu hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Nazirlik həmçinin qeyd edib ki, İsrail tərəfindən saxlanılan vətəndaşlarımızın azad olunaraq Türkiyəyə qaytarılması üçün bütün diplomatik addımlar atılıb.
Məlumata görə, Qəzzaya humanitar yardım aparan “Azadlıq Donanması”nın üç gəmisinə İsrail qüvvələri Qəzza sahilindən təxminən 220 kilometr məsafədə müdaxilə edib. İsrail Xarici İşlər Nazirliyi hadisəni təsdiqləyib.
Bundan öncə İsrail hərbçiləri “Müqavimət Donanması” adlanan digər humanitar karvanın gəmilərini də ələ keçirib.
Fidan Hacızadə
Sfera.az






