HƏMAS hərəkatının lideri:"Təminat istəyirik"

HƏMAS-ın yüksək səviyyəli rəsmiləri Misirdə keçirilən danışıqlara dair açıqlama verərək, sülhün təmin olunması üçün əsas şərtin İsrail ordusunun Qəzza zolağından tam və yazılı şəkildə geri çəkilməsi olduğunu bəyan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın nümayəndəsi Fövzi Bərhum “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, nümayəndə heyəti Misirdəki vasitəçilərin köməyilə hücumların dayandırılmasını və ordunun Qəzzadən çıxmasını tələb edib. Bərhum həmçinin İsrailin mərhələli geri çəkilməsi ilə paralel olaraq, HƏMAS-ın da israilli girovları tədricən azad etməyi planlaşdırdığını qeyd edib.
Danışıqların “qarşılıqlı etimad və eyni vaxtda irəliləmə” prinsipi əsasında aparılacağını deyən Barhum, bu yanaşmanın həm atəşkəsin, həm də bölgədə sabitliyin təmin olunması baxımından kritik əhəmiyyət kəsb etdiyini vurğulayıb.
HƏMAS heyətinin başçısı Xəlil əl-Heyin isə Misirin “Kahire əl-İxbariyyə” televiziya kanalına açıqlamasında bildirib ki, hücumların dayandırılması, İsrailin Qəzzadan çıxması və girov mübadiləsi üçün məsuliyyətli və konstruktiv mövqe sərgiləməyə hazırdırlar. Əl-Həyyə İsrailin 2023-cü ilin noyabrında əldə edilən ilkin razılaşmanı pozduğunu, bu il isə danışıqlar zamanı Qəzzanın şimal hissəsində hücumlara başladığını vurğulayıb.
O, həmçinin bildirib ki, HƏMAS İsrailə bir an belə etimad etməyib və müzakirələrdə beynəlxalq ictimaiyyətin real təminatlar verilməsini tələb edir. HƏMAS rəsmiləri həmçinin qeyd ediblər ki, məqsəd Fələstin xalqının azadlıq, sabitlik və öz taleyini müəyyən etmə hüququnu təmin etməkdir.
Xəlil əl-Heyin bildirib: “Biz istəyirik ki, hücumlar sona çatsın və fələstinlilər də digər xalqlar kimi sabit həyat sürə bilsinlər”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 29 sentyabrda Qəzzada atəşkəsi və israilli girovların azad edilməsini nəzərdə tutan 20 maddəlik plan təqdim etmişdi. HƏMAS 3 oktyabrda planın girov mübadiləsinə dair bəndlərini qəbul etdiyini, digər maddələrin isə müzakirəyə açıq olduğunu bildirmişdi. İsrail Baş nazirliyi isə girov mübadiləsinin ilk mərhələsini həyata keçirməyə hazır olduqlarını açıqlayıb.
Bəsti Rəfizadə
Sfera.az






