Makron bu gün bəyanatla çıxış edəcək

Fransa Prezidenti Emmanuel Makron bu gün axşam bəyanatla çıxış etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dövlət başçısı bu addımı istefa ərizəsini təqdim etmiş baş nazir Sebasten Lekornuya ölkədə yaranmış siyasi böhrandan çıxış yolları ilə bağlı siyasi partiyalarla məsləhətləşmələr aparmaq üçün verdiyi 48 saatlıq müddət başa çatdıqdan sonra atacaq.
Qəzet istisna etmir ki, Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması barədə qərarını elan edə bilər. Məlumata əsasən, buna Fransa liderinin çərşənbə axşamı Senatın sədri Jerar Larşe və Milli Assambleyanın sədri Yael Bron-Pive ilə keçirdiyi görüşlər də işarə edir. Fransa Konstitusiyasının 12-ci maddəsinə görə, aşağı palatanın buraxılmasından öncə bu cür məsləhətləşmələr nəzərdə tutulur.
Bununla belə, Le Figaroda qeyd olunub ki, bu görüşlər balans nöqtələrinin axtarışı məqsədi daşıyan müzakirələrdir.
Qeyd edək ki, Sebasten Lekornu hökumətin yenilənmiş tərkibi elan olunduqdan bir gün sonra müxalifətin tənqidlərinin artması fonunda istefa ərizəsini Emmanuel Makrona təqdim edib. Yenilənmiş hökumətin 18 üzvündən 13-ü əvvəlki kabinetin nümayəndələridir.
Yelisey Sarayı bazar ertəsi axşam açıqlama yayaraq bildirib ki, Makron Lekornuya bütün siyasi qüvvələrlə çərşənbəyə qədər yeni danışıqlar aparmağı, ölkənin sabitliyi və birgə fəaliyyət platformasının müəyyənləşdirilməsi məqsədilə tapşırıb.
Makron bu danışıqların uğursuz olacağı təqdirdə daha sonrakı qərarlarla bağlı məsuliyyəti üzərinə götürəcəyini bəyan edib. Fransa mətbuatının prezidentin ətrafındakı mənbələrə istinadən verdiyi məlumata görə, bu ifadənin arxasında nəyin dayandığı barədə Yelisey Sarayı hər hansı açıqlama verməyib.
Niyaz Hacıyev
Sfera.az






