Qəzza münaqişəsi tarixə çevrilir? - Politoloq əmin deyil

Qəzza münaqişəsi tarixə çevrilir? - Politoloq əmin deyil
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında müharibə sona yaxınlaşır.


O əlavə edib ki, sülhə nail olmaq üçün bəzi tapşırıqlar yerinə yetirilməlidir. Netanyahu "Hizbullah" və husilərin də ağır zərbələr aldığını qeyd edərək artıq Qəzza müharibəsinin sona çatması üçün real imkanların yarandığını vurğulayıb.


Bəs yaxın vaxtlarda bölgədə sülhün əldə olunması mümkündürmü? Sülhün qəbul edilməsi hansı şərtlər əsasında reallaşa bilər? Qəzza tərəfi ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü təklifi qəbul edəcəkmi?


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva İsrailin Baş naziri Benyamin Netanyahunun “Qəzza müharibəsinin sona yaxınlaşdığı” barədə bəyanatının regionda yeni diplomatik dinamikanın başlanğıcını göstərə biləcəyini deyib: 


“Lakin “sülh yaxınlaşırmı?” sualına birmənalı cavab vermək hələ tezdir. Münaqişənin hərbi mərhələsinin bitməsi ilə sülhün əldə olunması arasında çox ciddi fərq var”. 

 


Onun sözlərinə görə, hazırkı mərhələdə İsrailin əsas məqsədi HƏMAS-ın tam hərbi gücdən məhrum edilməsi, eyni zamanda “Hizbullah” və husilərin bölgədəki təzyiq potensialının azaldılmasıdır:

 

“Netanyahu bunu “təhlükəsizliyin bərpası üçün son zərbələr” kimi təqdim edir. ABŞ isə prosesdə iki istiqamətdə rol oynayır: bir tərəfdən İsraili diplomatik müstəvidə müdafiə edir, digər tərəfdən İranla toqquşmanın qarşısını almağa çalışır. Bu mənada, Netanyahunun “İsrail ABŞ-ni İrandan qoruyur” ifadəsi, əslində, Tel-Əvivin Vaşinqtona yönəlik mesajıdır. Netanyahu demək istəyir ki,  İsrail bölgədə İranın təsirini zəiflətməklə Qərb maraqlarını qoruyur”.

 

Poitoloq sülhün mümkünlüyü üçün bir neçə şərt formalaşdığını qeyd edib: 


“Birincisi, HƏMAS-ın hərbi strukturlarının tam sıradan çıxarılması, ikincisi, Qəzzada müvəqqəti idarəetmənin beynəlxalq nəzarət altında bərpası, üçüncüsü, İsrailin təhlükəsizlik zəmanətləri qarşılığında humanitar və iqtisadi güzəştlərin təmin edilməsi. Bu modelin reallaşması üçün ABŞ, Misir və Səudiyyə Ərəbistanının koordinasiyalı vasitəçiliyi vacib sayılır. Donald Trampın təklif etdiyi “sülh paketi” isə əsasən iqtisadi stimullar üzərində qurulub və “sabitlik müqabilində investisiya” prinsipinə əsaslanır”. 


Z.Qarayeva Qəzzanın bu planı yalnız suverenlik elementləri və İsrailin hərbi nəzarətinin azalması şərti ilə qəbul edə biləcəyini əlavə edib:


“Əks halda, Trampın planı bölgədə yeni müvəqqəti atəşkəs yaratmaqla məhdudlaşa bilər. Beləliklə, müharibənin sonuna doğru hərbi əməliyyatların dayanması mümkündür, amma sülhün bərqərar olması üçün qarşılıqlı etimad və beynəlxalq zəmanət mexanizmləri olmadan, Qəzzada real sabitliyin yaranması çətin görünür. Hazırda ən realist ssenari “nəzarətli sükunət” və mərhələli razılaşma modelidir. Yəni sülh tək bir sənədlə deyil, ardıcıl addımlarla formalaşa bilər”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR