"Makron "axsaq ördəkdir"" - "The Times" niyə belə bənzətmə apardı?

Böyük Britaniyanın “The Times” qəzeti Fransa Prezidenti Emmanuel Makronu ölkənin bölünmüş parlamentində öz siyasətini müdafiə edə bilməyən "axsaq ördək" kimi təsvir edib.
Sfera.az-ın məlumatına görə, “The Times” hesab edir ki, prezidentlik müddəti 2027-ci ildə başa çatan Makronun qarşısında üç seçim var: yeni baş nazir təyin etmək, parlament seçkiləri keçirmək və ya istefa vermək.
Qeyd edək ki, bundan əvvəl Makron, yeni təyin olunmuş kabinet istefa verdikdən bir neçə saat sonra Parisdə sahil boyu tək gəzərkən görüntülənmişdi. Görüntüləri “BFM TV” televiziyası yayımlayıb.
Fransanın Baş naziri Sebastiyan Lekornu əvvəlki kabinet üzvlərinin 18 mandatdan 13-nü aldığı yeni hökumət tərkibinin elan edilməsindən sonra müxalifətin tənqidləri fonunda istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Ən diqqətçəkən dəyişikliklərdən biri ölkənin çətin iqtisadi vəziyyətində günahlandırılan keçmiş iqtisadiyyat, maliyyə və sənaye naziri Bruno Le Mayirenin müdafiə naziri təyin edilməsi olub.
Müxalifət partiyalarının liderləri hökumətdən istefa verməyi tələb edib, bəziləri parlamentin buraxılması və Makronun istefası tələbinə qədər gedib çıxıb.
Firuzə Əliyeva
Sfera.az






