Trampdan Putinə doğum günü "hədiyyəsi” – “Tomahawk”lar gəlir

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinin doğum günündə diqqətçəkici bəyanatla çıxış edib. O, Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi barədə qərarın demək olar ki, verildiyini bildirib.
“Lakin əvvəlcə bu raketlərlə nə etmək istədiklərini bilmək istərdim. Bunu onlardan soruşacağam”, – deyə Tramp vurğulayıb.
Bu açıqlama beynəlxalq gündəmin əsas sualını doğurub: Tramp Putinə doğum günündə hərbi mesaj göndərirmi?
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Şahin Cəfərli bildirib:
“Belə də olmalıdır, çünki ABŞ hərbçilərinin iştirakı olmadan Ukrayna bu raketləri tətbiq edə bilməz. "Tomahawk"ların koordinatlar üzrə hədəfə yönləndirilməsi yalnız amerikalı mütəxəssislərin iştirakı ilə mümkündür”.
Onun sözlərinə görə, əgər Ukraynaya “Tomahawk” raketlərinin verilməsi barədə qərar rəsmiləşərsə, bu, Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində radikal dönüş demək olacaq.

Ş.Cəfərli qeyd edib ki, sülh istiqamətində diplomatik cəhdlərin Rusiyanın uzlaşmaz mövqeyi səbəbindən nəticəsiz qalmasından sonra Tramp “Güc vasitəsilə sülh” (Peace through strength) adlanan Reyqan doktrinasına qayıdır:
““Tomahawk” raketləri əsasən gəmilərdən buraxılmaq üçün nəzərdə tutulub və 1983-cü ildən ABŞ ordusunun arsenalındadır. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində İraqa qarşı istifadə edilib. Dəniz modifikasiyasının atəş məsafəsi 2500 km, “yer-yer” variantının isə 1800 km-dir. Ukraynaya məhz bu ikinci tipin verilməsi gözlənilir.
Raketlər hədəfdən cəmi 5 metr yayınma ilə yüksək dəqiqliyə malikdir və yerdən 30–50 metr yüksəklikdə uçduğuna görə radar tərəfindən çətin aşkarlanır”.
Şahin Cəfərlinin sözlərinə görə, “Tomahawk”lar Ukraynanın öz istehsalı olan “Flaminqo” raketləri ilə birlikdə Rusiya ilə mövcud balansı dəyişə bilər:
“Bu raketlər Rusiya lehinə olan kəskin disbalansı tam olmasa da, əhəmiyyətli dərəcədə azalda bilər. Görünür, Tramp düşünür ki, Moskvanın üstünlüyünü itirməsi onu danışıqlar masasında daha konstruktiv mövqeyə gətirəcək.
Putin isə dəfələrlə iddia edib ki, Ukraynaya Qərb raketlərinin yerləşdirilməsi Rusiya üçün “qırmızı xətt” sayılır. Onun sözlərinə görə, “əgər biz müdaxilə etməsəydik, ABŞ və NATO tezliklə Ukraynaya Moskvanı və Sankt-Peterburqu vura biləcək raketlər yerləşdirəcəkdi”.
Lakin reallıqda proseslər fərqli istiqamətdə inkişaf edib: əvvəlcə Finlandiya NATO-ya qoşuldu və Rusiyanın alyansla quru sərhədləri iki dəfə artdı, indi isə ABŞ prezidenti Ukraynaya “Tomahawk” göndərməyə hazırlaşır”.
Siyasi şərhçi xatırladıb ki, iki gün əvvəl Putin xəbərdarlıq edərək demişdi ki, Ukraynaya “Tomahawk” raketlərinin verilməsi Rusiya–ABŞ münasibətlərinin sonu olacaq. Lakin görünür, bu bəyanat Trampı qorxutmayıb.
Firuzə Əliyeva
Sfera.az






