Husilər Yəməndə BMT-nin daha 9 əməkdaşını saxlayıblar

Husilər Yəməndə BMT-nin daha 9 əməkdaşını saxlayıblar
Kateqoriya məlum deyil
T

Yəməndə ölkə ərazisinin təxminən üçdə birinə, o cümlədən paytaxt Sənaya nəzarət edən “Ənsar Allah” (husilər) hərəkatının üsyançıları daha 9 BMT əməkdaşını saxlayıblar. Beləliklə, həbslərin ümumi sayı 53-ə çatıb. 


Sfera.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.


Onun sözlərinə görə, husilər son günlərdə daha 9 BMT əməkdaşını həbs edərək 2021-ci ildən bəri əsassız şəkildə saxlanılan BMT işçilərinin sayını 53-ə çatdırıblar. 


Bu barədə məlumat BMT-nin mətbuat xidməti tərəfindən yayımlanıb.


Baş katibin bəyanatında vurğulanır ki, BMT bu cür addımları qəti şəkildə pisləyir və saxlanılan şəxslərin dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır.


Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının tərəfdarları arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 


Münaqişə 2015-ci ilin martında, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüşlərə qoşulmasından sonra daha da gərginləşib.


Yəməndəki vətəndaş müharibəsi ölkədə misli görünməmiş humanitar fəlakətə səbəb olub. BMT-nin məlumatına görə, ölkə əhalisinin 80 faizini təşkil edən 24 milyondan çox yəmənli humanitar yardıma ehtiyac duyur, daxildə məcburi köçkünlərin sayı isə 4 milyonu keçib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR