Aİ rusiyalı diplomatlarla bağlı qərar qəbul etdi

Aİ rusiyalı diplomatlarla bağlı qərar qəbul etdi
Kateqoriya məlum deyil
T

Avropa İttifaqına (Aİ) üzv ölkələr Macarıstanın vetosunu dəf edərək rusiyalı diplomatların İttifaq ərazisində hərəkətlərinə məhdudiyyətlər qoyulması barədə razılığa gəliblər. 


Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.


Nəşrin məlumatına görə, bundan sonra Rusiya diplomatları üçüncü ölkələrə səfər etməzdən öncə qəbul edən tərəfi məlumatlandırmalı olacaqlar. Qəzetin qeyd etdiyinə görə, təklif olunan qaydalar Rusiya diplomatlarını Aİ paytaxtlarında fəaliyyət göstərdikləri ölkədən çıxmazdan əvvəl digər üzv dövlətlərin hökumətlərini planlaşdırılan səfərlər barədə xəbərdar etməyə məcbur edəcək. Çexiya tərəfindən irəli sürülən bu təşəbbüs Brüsselin hazırladığı yeni, 19-cu antirusiya sanksiyaları paketinin bir hissəsidir. Paketin qəbul olunması üçün bütün üzv ölkələrin yekdil dəstəyi tələb olunur. Məlumata görə, Macarıstan vetodan imtina edən son ölkə olub.


Lakin qəzet yazır ki, Avstriyanın təklifi ilə bağlı yaranmış fikir ayrılığı səbəbindən paketin hüquqi baxımdan qəbul edilməsi gecikə bilər. Avstriya təklif edib ki, Rusiya biznesmeni Oleg Deripaskaya məxsus aktivlərə tətbiq olunan sanksiyalar qaldırılsın və bununla “Raiffeisen Bank”ın Rusiyada üzləşdiyi itkilər kompensasiya edilsin.


Daha əvvəl bildirilib ki, diplomatlar planlaşdırılan səfər barədə gedəcəkləri ölkənin hakimiyyətini sərhədi keçmədən azı 24 saat əvvəl məlumatlandırmalıdırlar. Onlardan avtomobilin markası, növü və dövlət nömrə nişanı, eləcə də sərhəd keçid məntəqələri və giriş-çıxış tarixləri tələb olunacaq.

 

Əgər diplomatlar qatar, avtobus və ya təyyarə ilə səyahət edəcəklərsə, onlar nəqliyyat şirkəti və marşrut barədə də məlumat təqdim etməlidirlər. Hər bir Aİ ölkəsi diplomata ölkəyə daxil olmağı qadağan edə və ya ərazisindən tranzit keçid üçün əlavə icazə tələb edə bilər. Dövlətlər bu qərarlarının səbəblərini izah etmək öhdəliyində olmayacaqlar.

 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, Çexiyanın təşəbbüsü ilə Aİ-də rus diplomatlarının hərəkət azadlığına məhdudiyyət qoyularsa, Moskva tərəfindən cavab tədbirləri mütləq olacaq.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR