İsrail HƏMAS-la razılaşacağına inanır

İsrail HƏMAS-la bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçirilməsi planlaşdırılan dolayı danışıqları uğurla başa çatdırmağı hədəfləyir.
Sfera.az bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindəki mənbə bildirib ki, “biz bütün ssenarilərə hazırıq və danışıqların uğurla nəticələnəcəyinə ümid edirik”.
Məlumata əsasən, İsrail nümayəndə heyəti yaxın saatlarda Misirə yola düşəcək. HƏMAS nümayəndə heyətinin isə artıq görüş yerinə çatdığı qeyd olunur.
Danışıqlarda İsrail tərəfini strateji planlaşdırma naziri Ron Dermerin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Heyətə həmçinin kəşfiyyat və təhlükəsizlik rəsmiləri, baş nazirin xarici siyasət üzrə müşaviri Ofir Falk və girovların koordinatoru Qal Hirş daxildir.
Xatırladaq ki, sentyabrın sonunda ABŞ Prezidenti Donald Tramp Qəzza münaqişəsinin nizamlanmasına dair 20 bəndlik plan təqdim edib. Sənəd hərbi əməliyyatların dayandırılmasını və israilli girovların azad edilməsini nəzərdə tutur. Plan Misir və Qətər də daxil olmaqla regionun aparıcı dövlətləri tərəfindən dəstəklənib.
İsrail və HƏMAS hər iki tərəf planla razılaşdıqlarını bəyan ediblər. Şarm əl-Şeyxdə keçiriləcək görüşdə girovların azad edilməsi və Qəzza zolağında əməliyyatların dayandırılması əsas müzakirə mövzuları olacaq.
Fidan Hacızadə
Sfera.az






