Trampın planı ilk sınaqdan keçir - Sülh olacaqmı?

Bir həftə ərzində ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həllinə və HƏMAS-ın əlində saxladığı girovların azad edilməsinə yönələn planının ilk mərhələsi yekunlaşacaq.
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirdi ki, Donald Trampın Qəzza planı mövcud şəraitdə ən optimal variantlardan biridir.
Politoloqun sözlərinə görə, tərəflərin bu təşəbbüsü qəbul etməsi üçün kifayət qədər ciddi səylər göstərilib:
”Tramp İsrailin baş nazirini plana razı salmağa bacarıb. Türkiyə, Misir və Qətər isə HƏMAS üzərindəki təsirlərindən istifadə edərək təşkilatı sülh planına razı salmağa çalışıblar və müəyyən nəticələr əldə olunub. HƏMAS girovların azad edilməsi ilə bağlı razılaşmaya əməl edəcəyini bəyan edib. Bu, Fələstin məsələsinin və ümumilikdə Yaxın Şərq münaqişəsinin həllində mühüm addım sayıla bilər. Lakin bu, hələ yekun və dayanıqlı sülh demək deyil. Çünki bölgədə çoxsaylı dərin problemlər qalmaqdadır. Xüsusilə, gələcəkdə Fələstin dövlətinin hüquqi statusunun müəyyənləşməsi, müstəqilliyinin təmin edilməsi və İsrail tərəfindən tanınması kimi məsələlər hələ də açıq qalır”.

O.Qasımov bu baxımdan, Trampın planının sadəcə ilkin mərhələ kimi dəyərləndirilə biləcəyini vurğulayıb.
O əlavə edib ki, planın həyata keçirilməsinin asan və sürətli olacağı gözlənilmir, çünki hər iki tərəf müqavimət göstərir:
“HƏMAS müəyyən şərtlər irəli sürür, İsrail isə öz maraqlarını maksimum dərəcədə qorumağa çalışır. Buna baxmayaraq, girovların azad olunması və İsrail həbsxanalarındakı məhbusların buraxılması prosesin ilk mühüm addımı kimi qiymətləndirilə bilər. Bu, gərginliyin qismən azalmasına səbəb olacaq. Lakin daimi və ədalətli sülhə nail olmaq hələ uzaq perspektivdir, çünki problemin kökləri çox dərindədir”.
Fidan Hacızadə
Sfera.az






