Makron istefaya çağırıldı

Fransada müxalifət təmsilçiləri Baş nazir Sebastyan Lekornunun istefa ərizəsi təqdim etməsindən sonra ölkə prezidenti Emmanuel Makronun da postunu tərk etməsini tələb ediblər.
“Sebastyan Lekornunun istefasından sonra 104 deputatın Emmanuel Makronun istefası ilə bağlı təklifinin dərhal müzakirəyə çıxarılmasını tələb edirik” – solçu “İtaətsiz Fransa” partiyasının qurucusu Jan-Lyuk Melanşon “X” sosial platformasında yazıb.
Sfera.az xəbər verir ki, həmin siyasi qüvvənin parlament fraksiyasının rəhbəri Matilda Pano isə xatırladıb ki, ölkədə bir il ərzində artıq üçüncü baş nazir dəyişir:
“Geri sayım başladı. Makron getməlidir”– deyə o, “X” hesabında bildirib.
Eyni çağırışla “İtaətsiz Fransa” partiyasının digər deputatları da çıxış ediblər.
Qeyd edək ki, bazar ertəsi günü Sebastian Lekornu hökumətin yenilənmiş tərkibinin açıqlanmasından sonra müxalifətin tənqidlərinin artması fonunda prezident Makrona istefa ərizəsini təqdim edib. Dövlət başçısı ərizəni qəbul edib. Beləliklə, Lekornunun baş nazir postunda qalma müddəti Fransanın Beşinci Respublikasının tarixində ən qısa dövr (27 gün) olub.
Ondan əvvəl ən qısa müddətə baş nazir postunu tutan Mişel Barnye idi ki, o, 2024-cü ilin dekabrında təyinatından təxminən üç ay sonra istefa vermişdi.
Niyaz Hacıyev
Sfera.az






