BMT:"Suriyaya ərzaq yardımı göstərilməsində fasilələr yarana bilər"

BMT:"Suriyaya ərzaq yardımı göstərilməsində fasilələr yarana bilər"
Kateqoriya məlum deyil
T

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) xəbərdarlıq edib ki, əgər təcili olaraq 84 milyon ABŞ dolları məbləğində vəsait toplanmasa, 2026-cı ilin yanvar ayından etibarən Suriyaya ərzaq yardımı göstərilməsində fasilələr yarana bilər.


Sfera.az xəbər verir ki, ÜƏP-in açıqlamasında bildirilir ki, təşkilatın 2025-ci ilin oktyabrından 2026-cı ilin mart ayınadək dövrü əhatə edəcək altı aylıq fəaliyyətini davam etdirməsi üçün əlavə maliyyə vəsaiti zəruridir. Əgər bu vəsait dekabr ayına qədər təmin olunmasa, yanvarda ərzaq təchizatında ciddi fasilələr yaranacaq.
Qurum xəbərdarlıq edir ki, belə vəziyyət subsidiya olunan çörək yardımı layihəsinin dayandırılmasına gətirib çıxara bilər və bu, 2 milyondan çox insan üçün birbaşa təhlükə yaradacaq.


Eyni zamanda, ssenari aclığın artmasına, sosial gərginliyin yüksəlməsinə, qaçqınların qayıtdığı həssas bölgələrin qeyri-sabitləşməsinə və bərpa işlərinin ləngiməsinə səbəb ola bilər.


ÜƏP xatırladıb ki, hazırda təşkilat hər ay Suriya üzrə 3,5 milyon insana dəstək göstərir. Onlardan 1,2 milyonu ünvanlı təcili ərzaq yardımı alır, 2 milyonu isə subsidiya qiymətləri ilə çörək əldə edir. ÜƏP-in son tədqiqatı Əs-Süveyda vilayətində zorakılığın artmasından sonra ərzaq təhlükəsizliyinin kəskin pisləşdiyini göstərib.


Qurum bildirir ki, maliyyələşmə imkanı olarsa, fəaliyyət miqyasını genişləndirməyə hazırdır.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR