"Rusiya-Ukrayna müharibəsinin başlamasını bu ölkələr istəyib"

Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Polşa, Estoniya, Latviya və Litva 2021-ci ildə Rusiya ilə diplomatik danışıqları pozublar və bununla da dolayı şəkildə Ukraynada hərbi münaqişənin başlanmasına töhfə veriblər.
Sfera.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
“2021-ci ilin iyununda mən hiss etdim ki, Rusiya prezidenti Vladimir Putin artıq Minsk razılaşmalarını ciddi qəbul etmir. Məhz buna görə mən elə bir yeni format yaratmaq istəyirdim ki, biz Putinlə Avropa İttifaqının adından birbaşa danışa bilək. Bəziləri bunu dəstəkləmədi. İlk növbədə Baltik ölkələri, həmçinin Polşa buna qarşı çıxdı” – deyə nəşr Merkelin 3 oktyabrda Macarıstanın Partizan nəşrinə verdiyi müsahibədən sitat gətirir.
Keçmiş kanslerin sözlərinə görə, həmin ölkələr Rusiyaya münasibətdə vahid siyasi xətt formalaşdıra bilməyəcəklərindən ehtiyat edirdilər.
Merkel əlavə edib ki, Ukraynada hərbi münaqişə diplomatik həll cəhdlərinin uğursuzluğundan və onun postunu tərk etməsindən sonra başlayıb.
Niyaz Hacıyev
Sfera.az






