ABŞ borclanır: İflas gözlənilir?

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu artıq ardıcıl dörd ildir ki, illik iki trilyon dollardan çox artır. 2025-ci maliyyə ilində borcun həcmi rekord səviyyəyə-37,6 trilyon dollara yüksəlib. Müqayisə üçün, bir il əvvəl bu göstərici 35,46 trilyon dollar təşkil edirdi.
Tramp administrasiyasının tarif siyasətini sərtləşdirməsi dövlətin borc yükünün artması ilə bağlı ola bilərmi? Daha çox borclanma ABŞ üçün hansı risklər yaradacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-nin borcunun ayrıca bir mövzu olduğunu deyib.

O qeyd edib ki, burada həm daxili, həm də xarici borcdan söhbət gedir:
“Hətta istənilən şəxs ABŞ-nin borc kağızlarını ala bilər. Yəni ABŞ müxtəlif ölkələrə və fərdlərə borclu ola bilər. Əslində bu istiqrazlara maraq böyükdür, çünki onların faiz dərəcələri yüksəkdir. İllik təxminən 3,5-4 faiz gəlir gətirir və eyni zamanda olduqca etibarlı maliyyə aləti hesab olunur. Buna görə də ABŞ-nin borc yükü bəzilərinin təqdim etdiyi qədər dramatik görünmür. Yəni bu, ABŞ-nin sabah iflas edəcəyi demək deyil”.
İqtisadçı tarif siyasətinin də borcun azaldılması və ticarət balansındakı kəsirin qapanması məqsədilə tətbiq olunduğunu əlavə edib. O bildirib ki, ümumi tendensiya ürəkaçan sayılmır:
“Borcun sürətlə artması əlverişli deyil, lakin bəzi media qurumlarının iddia etdiyi kimi, vəziyyət fəlakətli də deyil. Məsələn, ABŞ-nin borc kağızlarının təxminən 3 trilyonu Çinin əlindədir. Çin isə onları məmnuniyyətlə alaraq faiz gəliri əldə edir. Hazırda Federal Rezerv uçot dərəcəsini aşağı salır. Faizlər azaldıqca istiqrazların gəlirliliyi də enəcək. Gəlirlilik zəiflədikcə bir çox investor bu kağızları ABŞ-yə geri satmağa başlayacaq. Bu proses irəlilədikcə borc yükünün də tədricən azalması mümkün olacaq”.
Fidan Hacızadə
Sfera.az






