Böyrəyini “iPhone” üçün satan gənc 14 il sonra etiraf etdi

14 il əvvəl cəmi 17 yaşında iPhone 4 almaq üçün böyrəyini satan çinli Vanq Şanqunun faciəvi hekayəsi bu gün yenidən manşetlərə çevrilib.
Həmin vaxt 17 yaşı olan gəncin indi 31 yaşı var, işləyə bilmir və ömür boyu dializdən asılıdır.
Sfera.az təfərrüatları təqdim edir.
Gənc adamın vaxtilə müasirlik və status adı ilə verdiyi qərar indi 31 yaşında düzəlməz peşmanlığa çevrilib.
2011-ci ildə iPhone 4 sadəcə telefon deyildi; gənclər üçün müasir həyatın və statusun simvolu idi.
Anhui əyalətində kasıb bir ailənin uşağı olan Vanq Şanqkun bu tendensiyaya qapılanlardan biri idi. Sosial şəbəkədə gördüyü “İki böyrək lazım deyil, birini sata bilərsən” mesajına inanan gənc orqan mafiyası ilə gizli əlaqə saxlayıb.
Vanq qeyri-qanuni və antisanitariya əməliyyatı keçirərək böyrəyini 20 min yuana (təxminən 3 min dollar) satıb və qazandığı pulla xəyalını qurduğu iPhone 4 və iPad 2-ni alıb. Əlindəki cihazlardan şübhələnən anası evə qayıdan kimi həqiqəti aşkar etdikdə, ailə sarsılıb.
Əməliyyatın keçirildiyi uyğun olmayan mühit səbəbindən Vanq tez bir zamanda infeksiyaya yoluxub.
Qalan yeganə böyrəyi sıradan çıxanda onu təcili xəstəxanaya aparıblar. O vaxtdan bəri onun həyatı heç vaxt əvvəlki kimi olmayıb.
2012-ci ildə Çin polisi orqan alveri şəbəkəsini dağıdıb. Məhkəmə ailəyə 1,48 milyon yuan təzminat təyin edib. Lakin bu pul da Vanqın pisləşən səhhətini bərpa edə bilməyib.
Hazırda 31 yaşlı Vanq Şanqun üçüncü dərəcəli əlil sayılır. O, işləyə bilmir, dializlə yaşayır, sosial həyatdan tamamilə təcrid olunub. O, açıqlamalarında həmin gün verdiyi qərarı “həyatımın ən böyük peşmanlığı” adlandırıb və əlavə edib:
“Başqalarından geri qalmamaq üçün həyatımı məhv etdim”.
Aysel






