Qəzza üçün 20 bəndlik plan: Beynəlxalq idarəetmə və HƏMAS-sız gələcək

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin tənzimlənməsinə dair planı onun uzunmüddətli işğalını pərdələyə bilər.
Sfera.az xəbər verir ki, bu fikri Fələstinli politoloq, “Masarat” Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Hani əl-Məsri səsləndirib.
“Trampın planı İsrailə dərhal və konkret üstünlüklər verir, fələstinlilərə isə yalnız qeyri-müəyyən və təxirə salınmış vədlər təqdim olunur. Bu təklif uzunmüddətli işğala və Qəzzanın beynəlxalq protektorata çevrilməsinə pərdə rolunu oynaya bilər”, – deyə ekspert bildirib.
Radikal HƏMAS hərəkatına yaxın mənbə isə "Xinhua" agentliyinə deyib ki, ABŞ-nin planı İsraillə sıx əməkdaşlıq şəraitində hazırlanıb və müsbət məqamlarla yanaşı, fələstin məsələsinin mahiyyətini sarsıdan ciddi risklər ehtiva edir. Mənbə vurğulayıb ki, müqavimət qüvvələrinin silahsızlaşdırılması hərəkat üçün mövcudluq məsələsidir.
Qeyd edək ki, Ağ Ev sentyabrın 29-da ABŞ prezidentinin Qəzza zolağında nizamlanmaya yönəlmiş hərtərəfli planını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir. Planda, xüsusilə, fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqi və sabitliyi təmin etmək üçün beynəlxalq qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. ABŞ hökuməti bu təşəbbüsün İsrail tərəfindən Qəzzanın ilhaqı və ya işğalına, habelə sakinlərin məcburi köçürülməsinə yönəlmədiyini iddia edir. Sənəddə həmçinin HƏMAS-ın yenidən Qəzzada hakimiyyətə qayıtmayacağı açıq şəkildə qeyd olunub.
İsrail planla razılaşdığını açıqlayıb. Tramp isə sentyabrın 30-da bəyan edib ki, ABŞ HƏMAS-a təklifləri nəzərdən keçirmək üçün üç-dörd gün vaxt verməyə hazırdır.
Niyaz Hacıyev
Sfera.az






