Rus milyarder: "Nə qədər uşağım olduğunu bilmirəm"

“Telegram”ın qurucusu, rus milyarder Pavel Durov podkaster Leks Fridmana dörd saatlıq geniş müsahibə verib.
Sfera.az xəbər verir ki, o, sperma donoru olmaq qərarından, niyə bütün bioloji övladlarını vəsiyyətnaməsinə daxil etdiyindən və varislərinin yalnız yetkinlik yaşına çatdıqdan sonra miraslarını alacaqlarından danışıb.
Övladlarının sayı barədə suala Durov belə cavab verib: "Həqiqət budur ki, nə qədər bioloji uşağım olduğnuu dəqiq bilmirəm".
Durovun təxminən 15 il əvvəl bir dostu ondan ailə qurmağa kömək etmək üçün sperma bağışlamasını istəyib. Əvvəlcə bu, ona qəribə görünsə də, sonradan vəziyyətin ciddiliyini anlayıb və kömək etməyə razı olub. O vaxtdan bəri o, digər ailələrə də yardım edib.
Vəsiyyətindən danışan Durov vurğulayıb ki, o, “təbii” uşaqlarla donorluq yolu ilə dünyaya gələnlər arasında fərq qoymur.
"Əgər onlar bizim DNT-ni paylaşdığımızı sübut edə bilsələr, o zaman bir gün, bəlkə də 30 il sonra mən öləndən sonra miras payı almaq hüququna malik olacaqlar",- o bildirib.
O, mirasın niyə yalnız uşaqları yetkinlik yaşına çatdıqda əlçatan olacağını da izah edib:
"Həddindən artıq var-dövlət motivasiya və iradəni məhv edir. Bu, xüsusilə oğlanlar üçün zərərlidir”.
Milyarder böyük sərvətini yüz və ya daha çox varis arasında bölüşdürməyi planlaşdırır ki, hər bir pay əhəmiyyətli olsun, lakin uşaq başına milyonlarla dollar məbləğində “astronomik” olmasın.
Qeyd edək ki, hələ iyun ayında Durov əmlakını altı bioloji uşaq və ianə yolu ilə dünyaya gələn yüzə yaxın uşaq arasında bölüşdürən vəsiyyətnamə hazırlamaq niyyətində olduğunu açıqlamışdı.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, Durovun sərvəti 15,1 milyard dollar təşkil edir.
Firuzə Əliyeva
Sfera.az






