"Tramp bu dəfə qətidir" - Qəzzada sülh mümkün olacaq?

ABŞ Prezidenti Donald Trampın Qəzzada münaqişəyə son qoymaq məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı beynəlxalq miqyasda müzakirə olunmaqdadır. Sənəd HƏMAS-ın silahlarının tədricən ləğv edilməsini, keçid hökumətinin yaradılmasını və bölgəyə beynəlxalq nəzarət mexanizminin tətbiqini nəzərdə tutur.
HƏMAS bu planı qəbul edəcəkmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev ABŞ Prezidenti Donald Trampın Qəzzada münaqişəyə son qoymaq məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı beynəlxalq miqyasda geniş müzakirələrə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, planın əsas məqsədi uzun müddətdir davam edən Qəzza böhranına kompleks həll yolu təqdim etməkdir:
“Sənəd bir neçə mühüm istiqamətdə tədbirləri əhatə edir. İlk növbədə, HƏMAS-ın silahlarının tədricən ləğv edilməsi nəzərdə tutulur. Bu, təhlükəsizlik məsələlərinin həllində əsas addımlardan biri kimi təqdim edilir. Planın digər vacib komponenti keçid hökumətinin formalaşdırılmasıdır. Bu mexanizm Qəzzada idarəetmənin davamlı və stabil bir quruluşa keçməsinə zəmin yaratmalıdır. Bundan əlavə, bölgəyə beynəlxalq nəzarət mexanizminin tətbiqi də proqramın ayrılmaz hissəsidir”.
Deputat hazırda HƏMAS-ın planla bağlı rəsmi cavabı hələ açıqlanmadığını, lakin təşkilatın yaxınlaşması haqqında müxtəlif siqnalların daxil olduğunu qeyd edib:
“İlkin reaksiyalar mənfi xarakter daşıyır. HƏMAS rəsmiləri planın İsrailin mövqeyinə yaxın olduğunu bildiriblər. Bununla belə, təşkilat sənədi diqqətlə nəzərdən keçirəcəyini də qeyd edib. Prosesə yaxın mənbələrə görə, HƏMAS və digər Fələstin qrupları planı tez bir zamanda qəbul etməyə meyllidirlər. Gözlənilir ki, onlar yaxın günlərdə cavablarını Misir və Qətər vasitəçilərinə təqdim edəcəklər. Tramp HƏMAS-a planına cavab vermək üçün "üç-dörd gün" verib və əlavə danışıqlar üçün çox az yer qaldığını bildirməklə, qəti mövqe nümayiş etdirib”.
N.Həmzəyev əlavə edib ki, Tramp bu dəfə qəti mövqe sərgiləyir:
“Qətər, Misir və Türkiyə HƏMAS-ı Trampın planını qəbul etməyə təşviq edirlər. Bu ölkələr vasitəçi kimi münaqişənin diplomatik yolla həllinə töhfə verməyə çalışırlar. Planın qəbul edilib-edilməməsi yaxın günlərdə aydınlaşacaq. HƏMAS-ın qərarı yalnız Qəzza üçün deyil, bütün region üçün mühüm nəticələr doğura bilər. Tramp administrasiyasının qəti möhlət qoyması danışıqların kritik mərhələyə çatdığını göstərir. Beynəlxalq ictimaiyyət və regional aktorlar planın qəbulunu gözləyərək, uzun müddətdir davam edən münaqişəyə nəhayət sülh həllinin tapılacağına ümid edirlər. Yaxın günlərdə HƏMAS-ın rəsmi cavabı ilə vəziyyət daha da aydınlaşacaq”.
Fidan Hacızadə
Sfera.az






