Bir qərar, min təsir: ABŞ "Şatdaun"u hamını qorxudur

ABŞ-da federal hökumətin fəaliyyətinin dayandırması dünyada maraqla qarşılanmaqla yanaşı müəyyən qədər narahatçılıq da yaradıb. Dünyada bu qərarın qlobal iqtisadiyyata, siyasi proseslərə necə təsir edəcəyi düşüncəsi hakim kəsilib.
Politoloq Tural İsmayılov Sfera.az-a bildirib ki, ABŞ-da federal hökumətin fəaliyyətini dayandırması təkcə daxili siyasət məsələsi deyil.
Onun sözlərinə görə bu, qlobal miqyasda ciddi nəticələr doğura biləcək hadisədir:
“Belə bir addım ABŞ iqtisadiyyatının dayanıqlılığına dair suallar yaradır və beynəlxalq bazarlarda qeyri-müəyyənliyi artırır. Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkənin fəaliyyətində yaranan bu tip böhranlar maliyyə bazarlarında dalğalanmalara səbəb ola bilər. Dolların dünya valyutası rolunu nəzərə alsaq, ABŞ-da baş verən hər hansı qeyri-sabitlik bütün dünya iqtisadiyyatına təsir edir. Investorlar riskdən qaçmaq üçün qızıl və digər sabit aktivlərə yönəlirlər. Bu isə maliyyə bazarlarında balanssızlıq yaradır. ABŞ-nin kredit reytinqinə dair müzakirələrin yenidən gündəmə gəlməsi də ehtimal olunur”.
Politoloq mövzunu beynəlxalq münasibətlər müstəvisində də şərh edib:
“Beynəlxalq münasibətlər müstəvisində isə bu proses Vaşinqtonun xarici siyasətdəki təsir imkanlarını zəiflədə bilər. Məsələn, müttəfiqlərə verilən maliyyə dəstəyi və beynəlxalq təşkilatlara ödənişlər təxirə düşə bilər. Bu, ABŞ-nin qlobal öhdəliklərini yerinə yetirməsinə mane olar. Belə vəziyyət Çin və Rusiya kimi rəqiblərin əlini gücləndirir. Çünki ABŞ-nin zəif göründüyü məqamda onlar daha fəal diplomatik təşəbbüslər irəli sürə bilərlər”.
Müsahibimiz əlavə edib ki, Avropa İttifaqı ölkələri də ABŞ-a olan iqtisadi və siyasi asılılıqlarını yenidən dəyərləndirməyə məcbur ola bilərlər:
“Beynəlxalq maliyyə institutları isə ehtiyatlı davranaraq proqnozlarını aşağı sala bilərlər. ABŞ-də baş verən belə böhranlar əslində sistemin siyasi qütbləşməsini dünyaya nümayiş etdirir. Qlobal liderlik iddiasında olan dövlət üçün bu, imic itkisidir. Eyni zamanda ABŞ-nin beynəlxalq müqavilələr və razılaşmalarda güvənilir tərəf kimi mövqeyinə zərbə vurur. Nəticədə, federal hökumətin fəaliyyətinin dayandırılması həm iqtisadi, həm də siyasi mənada beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyi dərinləşdirir”.
Niyaz Hacıyev
Sfera.az






