Logo

HƏMAS razılaşacaq: Qətər və Türkiyə təzyiqi artırıb

HƏMAS razılaşacaq: Qətər və Türkiyə təzyiqi artırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qəzza bölgəsində hakimiyyətə sahib olan HƏMAS Qətər və Türkiyənin təzyiqi altında ABŞ-ın Qəzza zolağında münaqişəyə son qoymaqla bağlı təklif etdiyi sazişi qəbul edə bilər.

Sfera.az xəbər verir, bu barədə ABŞ-ın “The New York Times” (NYT) qəzeti redaksiya məqaləsində yazıb.

“Qruplaşma (HƏMAS) və onun rəhbərliyi müharibədən o qədər tükənib və Qətər, Türkiyə də daxil olmaqla müsəlman ölkələrinin açıq təzyiqi ilə üz-üzə qalıb ki, sazişi qəbul etməsi tamamilə mümkündür”, – deyə nəşr qeyd edib.

Qəzetin fikrincə, HƏMAS ABŞ təklifini qəbul etsə də, rədd etsə də, artıq əvvəlki kimi anklavda nüfuza sahib olmayacaq və idarəçilik imkanlarını itirəcək.

NYT həmçinin bildirir ki, sazişdən imtina hərəkatın rəhbərliyinə qarşı fələstinlilər arasında narazılıq yarada bilər:

“Qəzzanın bəzi sakinləri HƏMAS-ı İsraillə qarşıdurmanı onların hesabına, yalnız siyasi sağ qalmaq məqsədilə davam etdirməkdə ittiham edirlər”, – deyə qəzet izah edib.

Bundan əvvəl “Axios” portalı xəbər vermişdi ki, Misir, Qətər və Türkiyə HƏMAS-ı ABŞ-ın Qəzza zolağında nizamlama planını qəbul etməyə razı salmağa çalışır.

Qeyd edək ki, sentyabrın 29-da İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında Amerika planını dəstəklədiyini açıqlayıb. Bununla belə, o, HƏMAS təklifi rədd edəcəyi və ya sabotaj edəcəyi təqdirdə İsrailin işi təkbaşına başa vuracağını bəyan edib.

Daha əvvəl Ağ Ev Qəzzada münaqişənin həlli planını açıqlamışdı. Sənəddə döyüşlərin tam dayandırılması, fələstinli radikalların girov saxladıqları israilliləri 72 saat ərzində azad etməsi, zolağın keçid dövründə xarici idarəetməyə verilməsi və sakinlərə oranı tərk etmək və geri qayıtmaq imkanının yaradılması nəzərdə tutulur.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR