Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Belarusu təcili tərk etməyi və bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib.
Sfera.az xəbər verir ki, bu barədə Polşanın Minskdəki səfirliyi məlumat yayıb.
“XİN Belarus Respublikasına hər hansı səfərlərdən çəkinməyi tövsiyə edir və hazırda Belarusiyada olan Polşa vətəndaşlarını mövcud kommersiya və ya şəxsi nəqliyyat vasitələrindən istifadə edərək dərhal ölkəni tərk etməyə çağırır”, – deyə səfirliyin yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, belə tövsiyələr iki ölkə sərhədində vəziyyətin gərginləşməsi, həmçinin Polşa vətəndaşlarının əsassız həbsləri ilə əlaqədar verilib.
Xatırladaq ki, Polşa Belarusla sərhəddə fəaliyyət göstərən bütün keçid məntəqələrini sentyabrın 11-dən 12-nə keçən gecə bağlayıb. Bu qərar sentyabrın 9-da Polşanın Baş naziri Donald Tusk tərəfindən qəbul edilib. O, bu addımı 12-16 sentyabr tarixlərində keçirilən “Qərb-2025” adlı Belarus-Rusiya hərbi təlimləri ilə əlaqələndirib.
Niyaz Hacıyev
Sfera.az