Milandan (İtaliya) Londona (Böyük Britaniya) uçuş “Ryanair”in onlarla sərnişini üçün kabusa çevrilib.
Belə ki, təyyarədə olan iki kişi özlərini olduqca qəribə aparıblar: biri pasportundan vərəqləri qoparıb yeməyə başlayıb, digəri isə sənədi tualetə atmağa cəhd edib.
Sfera.az bildirir ki, şahidlərin dediyinə görə, hər şey havaya qalxdıqdan 15-20 dəqiqə sonra, “təhlükəsizlik kəmərini bağlayın” işarəsinin yanması ilə başlayıb. Salondakı atmosfer kəskin şəkildə dəyişib: insanlar söhbət etməyə və nə baş verdiyini anlamağa çalışmağa başlayıblar, bəzi sərnişinlər panikaya düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, stüardessalar cəld reaksiya veriblər, lakin vəziyyəti nəzarətdə saxlamaq çətin olub.
"Mən heç vaxt belə dəhşət yaşamamışdım. Həyatımın ən qorxulu 15 dəqiqəsi idi" - deyə sərnişinlərdən biri paylaşıb.
Bir kişi özünü tualetə bağlayıb çölə çıxmaq istəmədikdə, stüardessalar qapını döyəcləyərək qapının açılması üçün yalvarsalar da, nəticəsi olmayıb. Bu zaman təyyarədəki gərginlik pik nöqtəyə çatıb: çoxları ən pis ssenarini təsəvvür etməyə başlayıblar.
Ekipaj təyyarəni yönünü dəyişdirərək Fransanın paytaxtı Parisə endirmək qərarına gəlib. Enişdən sonra yerli polis hər iki şəxsi saxlayıb. Təyyarədə tam baqaj axtarışı aparılıb və axtarış təxminən iki saat davam edib.
Sərnişinlər qorxsalar da, “Ryanair” ekipajının yüksək peşəkarlığını tərifləyiblər.
"Onlar sakit qaldılar və hətta bir az dincəlməyimiz üçün sona doğru içkilər payladılar. Yerə qayıtdığım üçün çox şadam"- deyə sərnişinlərdən biri bildirib.
Axtarışdan sonra təyyarə Londona yola düşüb, “yeyilmiş pasportlar” hekayəsi isə mediada və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Aynil