Yaponiya BMT-də islahatlar aparılmasını istədi: "Təşlükəsizlik Şurası..."

Yaponiya Baş naziri Şigeru İsiba BMT-nin, xüsusilə də Təhlükəsizlik Şurasının qarşıya qoyulan vəzifələri tam şəkildə icra etmək qabiliyyətinə şübhə etdiyini bildirib.
Sfera.az xəbər verir ki, o, şuranın islahata ehtiyac olduğunu vurğulayıb.
“Biz özümüzə sual verməliyik. BMT ondan gözlənilən missiyanı həqiqətən yerinə yetirirmi? Öz funksiyalarını tam şəkildə icra edirmi?”, – deyə o, BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirəsində çıxışı zamanı qeyd edib. İsiba BMT Təhlükəsizlik Şurasını, xüsusilə də onun veto hüququ sistemini tənqid edib.
“Görünür ki, indi qətiyyət nümayiş etdirməyin və Təhlükəsizlik Şurasının islahatını həyata keçirməyin vaxtıdır”, – deyə Yaponiya Baş naziri bəyan edib. O, Şuranın daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını təklif edib. Bununla belə, İsiba vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının sadəcə artırılması kifayət etməyəcək.
“Əminəm ki, Təhlükəsizlik Şurasını onun səmərəliliyini azaltmadan daha təmsilçi orqana çevirmək mümkündür”, – deyə o əlavə edib.
İsiba həmçinin bildirib ki, Şuraya yeni daimi üzvlər əlavə olunacağı halda, onların ilk 15 il ərzində veto hüququndan istifadə etməsinə icazə verilməməlidir.
Niyaz Hacıyev
Sfera.az






