Makron Tramp barədə: "Nobelə iddia edə bilməz"

Radikal Fələstinin HƏMAS qruplaşmasına qarşı hərbi üsullar effektiv deyil, hərtərəfli yanaşma lazımdır.
Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bəyan edib.
"İsrail HƏMAS-ın əsas liderlərini öldürdü. Bu, böyük uğurdur, lakin eyni zamanda, ilk gündə olduğu kimi çoxlu HƏMAS yaraqlısı da var. Bu, HƏMAS-ın aradan qaldırılmasına kömək etmədi, yanlış yanaşmadır. Ona görə də hərtərəfli prosesə ehtiyacımız var və biz gələcək üçün həll yolu üzərində çox çalışırıq", - Fransa prezidenti iki jurnalistin iştirakı ilə keçirilən görüşün əvvəlində deyib.
Makron Trampla görüşdən əvvəl BFMTV- yə verdiyi müsahibədə bildirib ki, Amerika lideri Qəzza zolağında münaqişəni dayandırmayana qədər Nobel Sülh Mükafatına iddia edə bilməz. Fransa prezidentinin sözlərinə görə, ABŞ bu münaqişənin həllinə təsir etmək üçün ən yaxşı vəziyyətdədir, çünki o, İsraili Qəzza zolağında hərbi əməliyyatda istifadə olunan silahlarla təmin etməkdə davam edir.
O, Vaşinqtonu hərbi əməliyyatların dayandırılması, radikal HƏMAS qruplaşması tərəfindən saxlanılan qalan girovların azad edilməsi və humanitar dəhlizlərin açılmasına nail olmaq üçün İsrail hökumətinə təzyiq göstərməyə çağırıb.
Firuzə Əliyeva
Sfera.az






