Litva qanunu dəyişdi - Hər cür PUA vurulacaq

Litva Seymi (parlamenti) Müdafiə Nazirliyinin təqdim etdiyi təklifi dəstəkləyərək, müəyyən edilmiş qaydaları pozan pilotsuz uçuş aparatlarına (PUA) qarşı hərbi tədbirlərin sadələşdirilmiş şəkildə tətbiqini təsdiqləyib.
Sfera.az xəbər verir ki, plenar iclasda deputatlar, məsələni yekdilliklə dəstəkləyiblər.
“Məhz bununla biz hərbi gücün tətbiqinə dair yeni əsaslar formalaşdırırıq ki, pozuntulara qarşı operativ tədbirlər görmək mümkün olsun”, – deyə Seymdə çıxış edən müdafiə naziri Dovile Şakalyene bildirib.
Onun sözlərinə görə, əvvəl qüvvədə olan qaydalar artan təhlükə səviyyəsinə cavab vermirdi. Qüvvəyə minən düzəlişlərə əsasən, pilotsuz uçuş aparatları qadağan olunmuş hava məkanında uçduqları və komandanlığın müəyyən etdiyi hava hərəkəti qaydalarını pozduqları halda məhv edilə biləcəklər. Əvvəlki qanunvericilikdə isə belə PUA-ların yalnız silah kimi istifadə edildiyi halda vurulmasına icazə verilirdi.
Nazirin sözlərinə görə, qanun pozan pilotsuz uçuş aparatları ordunun hədəfinə yalnız tam hərbi zərurət yaranacağı halda tuşlanacaq və bu zaman əhalinin, həmçinin maddi sərvətlərin qorunması üçün bütün mümkün tədbirlər görüləcək.
Niyaz Hacıyev
Sfera.az






