Rusiyanın sərhədin nüvə təhlükəsi - Putin hansı addımı atacaq?

Estoniya müdafiə naziri Hanno Pevkur bəyan edib ki, ölkə Böyük Britaniyaya məxsus nüvə başlığı daşıya bilən F-35 qırıcılarının ərazisində yerləşdirilməsinə hazırdır. Nazir xatırladıb ki, bu tip təyyarələr əvvəllər də rotasiya qaydasında Estoniyada xidmət göstərib və gələcəkdə yenidən qayıda bilərlər.
Kiçik ölkələrin ərazisində nüvə daşıyıcısı yerləşdirmək nə dərəcədə risklidir? Rusiya adekvat olaraq hansı addımları ata bilər?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Rusiyanın son həftələr Polşa, Rumıniya və Estoniya hava məkanını pozmasının bu ölkələrdə təhlükəsizlik risklərini artırdığını deyib.

O bildirib ki, Estoniya NATO üzvü və kiçik dövlət olaraq müdafiəsini və təhlükəsizliyini alyansa etibar edir:
“NATO da bu öhdəliyi yerinə yetirir və Böyük Britaniya təşkilatın qərarı çərçivəsində ən müasir təyyarələrini Estoniya ərazisinə yerləşdirib. Bu, növbəlilik əsasında həyata keçirilən prosesdir. Təyyarələrin Estoniyada dislokasiyası Rusiyanın təxribatlarına cavab addımı kimi qiymətləndirilməli, eyni zamanda Moskvaya mesaj kimi anlaşılmalıdır. Əgər bundan sonra Estoniya və ya digər ölkələrin hava sərhədləri pozularsa və ya hər hansı aqressiya baş verərsə, NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq bu təyyarələr dərhal fəaliyyətə keçəcək”.
Politoloq Moskvanın təxribatçı addımlarının davam etdiyini əlavə edib.
O.Qasımov qeyd edib ki, dünən Prezident Vladimir Putinin Təhlükəsizlik Şurasından sonra verdiyi bəyanatlardan da göründü ki, Rusiya Ukraynada müharibəni dayandırmaq niyyətində deyil:
“Bundan başqa, Şərqi Avropa ölkələrinə qarşı yeni testlər və təxribat cəhdlərinin ediləcəyi də açıq şəkildə anons edildi. Kreml geniş mənada Baltikyanı ölkələrə nəzarət etməyi, eləcə də Litva üzərindən Kalininqrada gedən dəhlizi ələ almağı planlaşdırır. NATO isə bu risklərin fərqindədir və Baltikyanı dövlətlərin təhlükəsizliyi ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini anlayır”.
Fidan Hacızadə
Sfera.az






