Ərdoğan Trampla bu məsələləri müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 və F-16 qırıcı təyyarələrinin tədarükünü müzakirə etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, Ərdoğan bu barədə ABŞ-nin "Fox News" telekanalına müsahibəsində bildirib.
“Hazırda biz bu məsələ üzrə yenidən danışıqlar aparacağıq. Gözləyirik ki, Amerika Birləşmiş Ştatları həm F-35, həm də F-16-nın istehsalı və texniki xidməti ilə bağlı üzərinə düşəni yerinə yetirəcək”, – deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə F-35 qırıcılarının istehsalı proqramından çıxarılmışdı. Halbuki, Ankara həmin proqram çərçivəsində bəzi komponentlərin, gövdə elementlərinin və sistemlərin istehsalında iştirak edirdi.
ABŞ tərəfi o vaxt bəyan etmişdi ki, Türkiyənin proqramda iştirakına yalnız Rusiyadan alınmış S-400 sistemlərindən imtina etdiyi halda yenidən icazə verilə bilər.
Niyaz Hacıyev
Sfera.az






