Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketi yaxın vaxtlarda qəbul ediləcək.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro TF1 telekanalına açıqlamasında bildirib.
“Yeni irimiqyaslı sanksiyalar paketi Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfə ABŞ-la razılaşdırılıb”, – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, yeni paket yaxın günlərdə qəbul olunacaq.
Sentyabrın 19-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə dair təklifləri təqdim edib. Paketdə 2027-ci ilin yanvarından etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa, həmçinin kriptovalyutalar və banklara qarşı tədbirlər nəzərdə tutulur. Bununla belə, Avropa Komissiyasının iqtisadiyyat və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis bildirib ki, ABŞ Prezidenti Donald Trampın tələblərinə baxmayaraq, yeni paketdə Rusiyadan neft alışına məhdudiyyətlər yer almayacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-in Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya”ya müsahibəsində bildirmişdi ki, Aİ-nin 19-cu sanksiyalar paketi ilə bağlı təklifləri birliyin sanksiya siyasətinin tükəndiyini göstərir.
Niyaz Hacıyev
Sfera.az